“Dövlət virusa görə işsiz qalanlara 2 milyard dollar ayırsın” –

Fəzail Ağamalı  
01 İyul 2020 - 11:12

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ölkədəki pandemiya şəraitindən çıxış yolu kimi maraqlı təklif səsləndirib.

F.Ağamalı bu barədə TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində danışıb.

Millət vəkili deyib ki, variantlardan biri ölkə olaraq tam 1 ay fövqəladə rejimə keçməkdir: “Kimlərsə işləmirlərsə, onlara müavinət verilməlidir. 600 mindən yuxar olmalıdır. Belə variantlar var ki, bəlkə, 1 ay tam fövqəladə rejim tətbiq olunsun. Dövlət öz imkanları ilə 2 milyard dollar vəsait xərcləsin, insanlar tamamilə maddi cəhətdən minimum ehtiyaclarını ödəyə bilsinlər. Hər ailədən 1-2 nəfər müəyyənləşdirilməklə 2 gündən bir supermarketlərə gedərək ailənin ehtiyaclarını həll etmək üçün alış-veriş edib, dərhal evə qayıdır. Gedəndə də tibbi maska və əlcəklərdən istifadə edir. Bir ay müddətində bu tətbiq olunarsa, insanlarımız evdə qalarsa – yaydır, çətindir, amma başqa variantımız yoxdur – bu kəskin mövqe və insanlarımızın ərzağa minimum tələbatı ödənərsə, virusa yoluxmada çoxalma tendensiyasının qarşısını almaq olar”.

F.Ağamalı hesab edir ki, bir ay sonra birbaşa yumşalma yox, ciddi və sərt karantin rejimindən nisbətən məhdudlaşdırıcı rejimə keçmək olar: “Orda bir şərt var – insanlarımız hər hansı ehtiyacın içində yaşamalı deyil. İşləyən bilir ki, icazəsi var, fəaliyyətini qurur, evinə çörək apara bilir. O insanların ki, müəssisəsi dayanıb, işləmir, onların minimum ehtiyacları ödənməlidir və bu ehtiyaclar ödənəndən sonra artıq bəhanə qalmır. Ehtiyac zənbili bir ailədəki bir nəfərə 180 manat nəzərdə tutulub. Optimal rəqəm də tapıla bilər”.