Dövlət Bayrağına qarşı təhqiramiz hərəkət edən tələbə BDU-dan qovulub –AÇIQLAMA

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlərə yol verdiyi üçün Universitetdən xaric edilib.

BDU-nun mətbuat xidmətinin açıqlamasında deyilir ki, Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozub. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub.

“Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozub, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edib. Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə, Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur. Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib. Bununla əlaqədar özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılıb, etdiyi hərəkətlər haqqında məlumat verilib”, – deyə Universitetin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa yoluxan Ağsunun icra başçısı vəfat etdi

Sonrakı məqalə

“Rəsmi Paris Dağlıq Qarabağın müstəqilliyini tanımır” –