Avropada hökm sürən güclü isti hava və quraqlıq Dunay çayında suyun səviyyəsinin kəskin azalmasına səbəb olub. Nəticədə Serbiyanın Praxovo şəhəri yaxınlığında İkinci Dünya müharibəsi dövrünə aid Almaniya hərbi gəmilərinin qalıqları yenidən suyun üzünə çıxıb.
Azpost.info bildirir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.
Bildirilir ki, həmin gəmilər nasist Almaniyasının Qara dəniz flotiliyasının tərkibində olub. 1944-cü ildə sovet qoşunlarının hücumu qarşısında geri çəkilən alman hərbçiləri gəmilərin düşmənin əlinə keçməməsi üçün Dunayda yüzlərlə gəmini qəsdən batırıblar.
Suyun altından üzə çıxan qalıqların bəzilərində gəmi gövdəsinin, üst konstruksiyaların və digər hissələrin bir qismi yaxşı vəziyyətdə qalıb.
Batmış gəmilərin bir hissəsi bu gün də gəmiçilik üçün təhlükə yaradır. Belə ki, bəzi gəmi gövdələrində hələ də sursat və partlayıcı maddələrin olduğu ehtimal edilir.
Hərbi gəmilərin yenidən görünməsi Avropa çaylarında suyun səviyyəsinin rekord həddə enməsinin növbəti nəticəsi hesab olunur. Son illərdə quraqlıq səbəbindən su altında qalmış bir çox tarixi obyekt – hərbi gəmilər, qədim ticarət gəmiləri və müxtəlif arxeoloji tapıntılar da üzə çıxıb.
Praxovo sakinləri üçün Dunayın dibində qalan alman donanması təkcə tarixi abidə deyil, həm də ekoloji və naviqasiya problemidir. Gəmi qalıqları çayda hərəkətə mane olur və onların mərhələli şəkildə çıxarılması tələb olunur.