Dünya bazarında taxıl bahalaşır –Azərbaycanda çörəyin qiyməti arta bilər?

Dünya taxıl bazarında son aylarda qlobal qiymətlərdə artım tendensiyası müşahidə olunur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatlarına və birja göstəricilərinə əsasən, 2026-cı ilin yaz aylarında taxıl və buğda qiymətləri ardıcıl olaraq yüksəlib.

Qlobal taxıl bazarında qiymətlərin bahalaşmasına bir neçə ciddi amil təsir edir. Bu sırada əlverişsiz hava şəraitini qeyd etmək lazımdır. ABŞ-ın bəzi bölgələrində yaşanan quraqlıq və Avstraliyada yağıntıların normadan az olması buğda məhsuldarlığı gözntülərini aşağı salıb. ABŞ-da qışlıq buğda istehsalının son onilliklərin ən aşağı səviyyəsinə düşə biləcəyi proqnozlaşdırılır.

Bundan başqa Yaxın Şərqdəki münaqişələr və Hörmüz boğazındakı fasilələr qlobal daşımaları çətinləşdirib, yükdaşıma xərclərini artırıb. Enerji daşıyıcılarının bahalaşması gübrə istehsalı xərclərini artırıb. Bu da fermerlərin daha az xərc tələb edən alternativ bitkilərə yönəlməsinə və taxıl əkini sahələrinin azalmasına səbəb olur.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) hesabatlarına görə, 2026/2027 mövsümü üçün qlobal buğda ehtiyatlarının azalacağı və bazarın təklif baxımından daha həssas olacağı gözlənilir.

Trading Economics və Barchart birja məlumatlarına görə, buğda fyuçersləri may ayında son iki ilin ən yüksək səviyyələrinə (bir buşel üçün 6.8 dollara yaxın) çatdıqdan sonra kiçik bir korreksiya yaşasa da, ümumi artım trendini qoruyur.

Analitiklər ilin sonuna qədər qiymətlərin yüksək qalacağını proqnozlaşdırırlar.

Azərbaycanın daxili un və çörək bazarına təsiri necə ola bilər?

Dünya bazarında taxılın bahalaşması Azərbaycanın daxili un və çörək bazarına birbaşa təsir göstərir, çünki ölkəmiz ərzaqlıq buğdaya olan daxili tələbatının təxminən 70-75%-ni idxal hesabına (əsasən Rusiya və Qazaxıstandan) qarşılayır. Qlobal qiymət artımları ölkə daxilinə “idxal olunan inflyasiya” şəklində daxil olur.

Hazırda daxili bazarda formalaşan və gözlənilən əsas təsirlər hansılardır?

Qlobal artım fonunda daxili bazarda fəaliyyət göstərən un dəyirmanları unun topdansatış qiymətini tədricən artırır. 2026-cı ilin əvvəlindən bəri 50 kiloqramlıq un kisələrinin qiymətində şirkətlərdən asılı olaraq müəyyən bahalaşma dinamikası qeydə alınıb.

Amma daxili bazarda qiymət artımı bütün çörəklərə eyni dərəcədə təsir etmir. Əhalinin ən çox istehlak etdiyi ənənəvi dairəvi zavod çörəyinin qiyməti strateji və sosial məhsul olduğu üçün dövlətin xüsusi diqqətindədir və hazırda 65 qəpik səviyyəsində sabit saxlanılır.

Dövlət tərəfindən qiyməti tənzimlənməyən və bazar iqtisadiyyatı prinsipləri ilə tənzimlənən doğranmış baton, kəpəkli, “ekstra” və qablaşdırılmış çörək növlərində artıq 10-25 qəpik arasında qiymət artımı müşahidə olunur.

Çörəyin daxili maya dəyərinə təkcə buğdanın qiyməti deyil, həm də digər kənar amillər təsir edir. Burada keyfiyyət balansı diqqət çəkir. Yerli buğdanın tərkibindəki yapışqanlıq (qlüten) dərəcəsi aşağı olduğundan, keyfiyyətli un əldə etmək üçün mütləq idxal buğdası ilə qarışdırılmalıdır. Bu da daxili istehsalı qlobal konyunkturadan birbaşa asılı edir.

Un məmulatları istehsalında istifadə olunan digər inqrediyentlərin (duru yağ, maya) bahalaşması, həmçinin yanacaq və logistika xərclərinin yüksəlməsi çörək sexlərinin xərclərini artırır.

Dövlət hansı addımları atır?

Kəskin qiymət sıçrayışlarının qarşısını almaq üçün dövlət müəyyən qoruyucu addımlar atır. Taxılın və unun idxalı, həmçinin satışı ƏDV-dən azad edilib ki, bu da kəskin bahalaşma dalğasını yumşaldır.

Bundan savayı topdan və pərakəndə satış subyektləri üçün taxıl və un məhsullarına tətbiq edilən ticarət əlavəsinin yuxarı həddi qanunvericiliklə məhdudlaşdırılır (maksimum 10%).

Dövlət Taxıl Fondunda bir neçə aylıq keçid buğda ehtiyatı saxlanılır ki, bu da qlobal böhranlar zamanı daxili bazarda qəfil qıtlığın yaranmasının qarşısını alır.

Ekspert proqnozlarına görə, qlobal bazardakı gərginlik davam edərsə, il ərzində tənzimlənməyən un məmulatlarında ümumilikdə 10%-dək tədrici artım davam edə bilər.

Samir Abdulla

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.