Dünyada son sutkada 662 mindən çox insanda koronavirusa yoluxub

04 Aprel 2021 - 10:41

Dünyada yeni növ koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı son 24 saat ərzində 662 mindən çox artaraq 129,9 milyonu keçib ki, bu da yanvarın 17-dən bəri sutkalıq yoluxmada ən yüksək göstəricidir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan hesabatda qeyd olunub.

Məlumata görə, son bir gündə ölənlərin sayı 11,3 mindən çox artaraq 2,83 milyonu keçib.

3 aprel Bakı vaxtı ilə saat 21:01-ə olan məlumata əsasən, 129 902 402 nəfər koronavirusa yoluxub, 2 831 815 nəfər isə bu virusdan ölüb. Xəstəliyə yoluxanların sayı son sutkada 662 690 nəfər, ölənlərin sayı isə 11 306 nəfər artıb.

Ötən gün ərzində yoluxma hallarının 37%-dən çoxu Avropada (251 110) müşahidə edilib, ikinci yerdə Şimali və Cənubi Amerika (241 084), üçüncü yerdə Cənub-Şərqi Asiya (101 977) yer alıb.

İnfeksiya indiyədək ən çox ABŞ-da qeydə alınıb – 30 238 692 nəfər. Onun ardınca Braziliya (12 839 844), Hindistan (12 392 260), Fransa (4 665 709), Rusiya (4 572 077), Böyük Britaniya (4 353 672), İtaliya (3 629 000), Türkiyə (3 400 296), İspaniya (3 291 394), Almaniya (2 873 190), Kolumbiya (2 417 826) və Polşa (2 415 584) gəlir.