Forbes jurnalının illik reytinqində liderlik edən “Amazon” internet-reteylerinin qurucusu və rəhbəri Ceff Bezos kompaniyanın kotirovkalarının ucuzlaşması səbəbindən bir gündə 6,9 milyard dollar itirib.
Azərtac CNBC telekanalına istinadla xəbər verir ki, “Amazon” dünən üçüncü kvartalda gəlirlərinin hesabatını təqdim edib. Göstəricilər proqnozlardan aşağı olub və bunun nəticəsində kompaniyanın səhmləri 9 faiz enib.
“Amazon”un 57,6 milyon səhmi Bezosa məxsusdur. Əgər səhmlər ucuzlaşmaqda davam edərsə, Bezosun dünyanın ən varlı insanları siyahısında birinci yeri Bill Qeytsə keçə bilər.