Dünyanın qəbul etdiyi Qalib Ordu

28 Mart 2021 - 09:00

Prezident İlham Əliyev 17 il idi ki, Azərbaycanda güclü ordu yaratmaq üçün var gücünü əsirgəmədən çalışırdı.

O, hərbi mütəxəssislərin hər tərəfli yetişməsi üçün ən yüksək şəraiti yaratmış, hərbiçilərin maddi-mənəvi cəhətdən ən yüksək səviyyədə təmin edilmələrini xüsusi diqqətdə saxlamışdır. Ötən müddət ərzində hərbi kadrlar daha da təkimlləşmələri üçün xarici ölkələrə göndərilmiş, onların ölkələrarası hərbi təlimlərdə iştirak etmələri təmin edilmişdir.

Bəli, həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini verdi. Belə ki, 44 günlük Vətən müharibəsi hərbi taktikalar, əsgər və zabitlərimizin döyüş hazırlığı sayəsində Qələbə ilə nəticələndi. Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatı mənfur erməniləri vəlvələyə saldı. Ordumuz onları “iti qovan kimi” qovmağa başladı. Vətən sevgisinin nə olduğunu anlamayan mənfur düşmən hərbi sursatlarını döyüş meydanında qoyub qaçdılar. Canlarını qurtarmağa çalışan, fərarilik edən erməni əsgər və zabitləri dırnaqarası “Böyük Ermənistanın” və “yenilməz” ordusunun nəyə qadir olduğunu bütün dünyaya göstərdi.

Azərbaycan Ordusu 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırdı. Düşmən Ordumuzun qarşısında aciz qalaraq diz çökdü. 44 günlük müharibədə Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək beynəlxalq hüququn norma və prinsipləri əsasında, öz şərəfli missiyasını yerinə yetirdi. Ermənilərdən fərqli olaraq Rəşadətli Ordumuz erməni mülki əhalisinə qarşı müharibə aparmadı, yaşayış məntəqələrinə bir güllə belə atmadı, amma yaxşılıq qanmayan dırnaqarası “erməni ordusu”- erməni cəlladları Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutdular, Gəncəni ballastik raketlərlə bombaladılar, Bərdəni kasetli raketlərlə vurdular, Tərtərdə yaşayış məntəqələrini, qəbirstanlığı viran qoydular, neçə-neçə dinc sakini qətlə yetirdilər, günahsız körpələri qanına qəltan etdilər.

Nankor düşmən nə qədər qəddar olsa da, Azərbaycan xalqının əzmini qıra bilmədi. Mərd xalqımız evsiz-eşiksiz qalsalar da, övladlarını, əzizlərini şəhid versələr də, “Vətən sağ olsun” deyərək Prezidentimizin dəmir yumruğuna daha da qüvvət verdi. Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin planlı sürətdə həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı düşmən ordusunun gücünü, qüvvəsini sarsıtdı və Ali Baş Komandanımız, Ordumuz sübut etdi ki, heç bir qüvvə doğma torpağa qovuşmaq sevgisindən güclü ola bilməz. Dəmir yumruğun gücünə Ağdam, Kəlbəcər ,Laçın bir güllə atılmadan doğma Azərbaycanımıza qovuşdu. Vətən müharibəsi ilə Azərbaycan özünün ən şərəfli tarixi nailiyyətinə imza atdı. 8 Noyabr Qələbə günü ilə tariximizin şanlı səhifəsi yazıldı.

Şagirdlərimizə Vətəni sevməyi, vətənpərvər olmağı öyrətməyimizin bəhrəsidir ki, o şagirdlərimiz Rəşadətli Ordumuzun düşmənə meydan oxuyan qorxmaz, mərd əsgərləri oldular və bu günün qəhrəmanları kimi adlarını tarixin səhifələrinə yazdılar. Onlar ”Vətəndən pay olmaz”, ”Şəhidlər ölməz, Vətən bölünməz” kimi dillərdən düşməyən şüarlar yaratdılar. Düşmən xarici havadarlarına və onların bəxşiş etdikləri silahlara güvənərək güclü olduqlarını zənn edirdilər. Yatmış düşmən ayılanda artıq gec olduğunu, çarəsiz qaldığını anladı. O, ordunun ki, əsgərində Vətən sevgisi olmadı, nə qədər hərbi texnikası,müasir silahları olsa belə qalib gələ bilməz. Torpaq uğrunda canlarından keçməyə hazır olanlar, qanları ilə Vətən torpağını suvaranlar zəfər çala bilər. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş unudulmaz, daimyaşar Şəhidlərimiz qanları-canları bahasına qazanılan Qələbəmizi, bütövləşən Azərbaycanımızı gələcək nəsillərə əmanət qoydular. Azərbaycanımız çiçəkləndikcə onların da ruhu şad olacaq. Nə qədər ki, torpaqlarımıza göz dikənlər var, Qalib Ordumuz bundan sonra da öz şərəfli missiyasını icra edəcək,Vətənin keşiyində ayıq-sayıq duracaqdır.

Arif Tağıyev,

Neftçala müəllim