Sentyabrın 19-da Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri – Fuad Musazadə İctimai Televiziyanın sabiq əməkdaşı olub.
Bu barədə Modern.az saytına mərhumun keçmiş iş yoldaşları məlumat veriblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayev idarə etdiyi “Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticədəsində iki nəfər ölüb. Bunlar “Mercedes”in sükanı arxasında olan 1988-ci il təvəllüdlü Fuad Musazadə və A.Rzayevin sərnişini, 1986-cı il təvəllüdlü Kamran Atayev olub. “Hyundai”ın sürücüsü Anar Rzayev isə ağır xəsarət alıb.
Qeyd edək ki, qəzaya düşən “Hyundai” markalı avtomobil “Atəşgah Sığorta”ya məxsus olub.
Dəhşətli qəza nəticəsində avtomobillərin toqquşmasından sonra “Mercedes” yoldan çıxaraq aşıb və alışaraq yanıb.
Hadisəylə bağlı təhqiqat davam edir.