Ədliyyə Nazirliyində sahibkarlarla görüş keçirilib

Mayın 22-də Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Görüşdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupunun rəhbəri, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, İşçi qrupun üzvü olan digər şəxslər və sahibkarlar iştirak ediblər. Görüşdə sahibkarların qarşılaşdıqları çətinliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq sahədə qanunvericiliyin müddəaları barədə məlumatlandırılıblar.

Görüş zamanı Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi qrup tərəfindən görülmüş işlər barədə sahibkarlara məlumat təqdim edilib. Bildirilib ki, İşçi qrupun əsas məqsədi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq biznesin təşviqinə şərait yaradan bütün aspektlərin inkişaf etdirilməsi, maneələrin aradan qaldırılması, mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və onların əlçatanlığının təmin edilməsidir.

Qeyd olunub ki, mübahisələrin həlli, məhkəmələrin və digər orqanların qərarlarının daha operativ və effektiv icrası istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu çərçivədə bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesi tam rəqəmsallaşıb və artıq “Elektron Hərrac Portalı” vasitəsilə həyata keçirilir.

Görüşdə ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik, səmərəli və müasir standartlara uyğun təşkili məqsədilə xüsusi icra məmurları institutunun yaradılması istiqamətində görülən tədbirlərdən də bəhs olunub. Bu məqsədlə “Xüsusi icra məmurları haqqında” Qanunun və bundan irəli gələn digər zəruri hüquqi aktların qəbul edildiyi diqqətə çatdırılıb. Qanuna əsasən icra sisteminin qarışıq model üzrə fəaliyyəti nəzərdə tutulur. Yeni model çərçivəsində məhkəmə və digər orqanların qərarlarının icrasının həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçirilməsi mümkün olacaq.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” barədə məlumat verilib. Bildirilib ki, Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin artırılmasına, məhkumların əmək bazarının tələblərinə uyğun peşə bacarıqları əldə etməsinə və cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyasının daha effektiv təmin olunmasına xidmət edir.

Görüş zamanı məhkumların işə götürülməsinə sahibkarların (işəgötürənlərin) marağının artırılması, peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və məhkumların əməyə marağının təşviqi ilə bağlı sahibkarlıq subyektlərinin təklifləri dinlənilib.

Sonda sahibkarların qarşıya qoyulmuş hədəflərin icrasına göstərdikləri effektiv dəstək yüksək qiymətləndirilib və onlara təşəkkür edilib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.