“Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilə bilər “ –Fəzail Ağamalı"

“Baş Prokurorun təqdimatına əsasən, Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilə bilər “.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparıldığı barədə məlumat yayıb. Hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, MM-in deputatı Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində baş verib. Eldəniz Səlimov karantin qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

F. Ağamalı bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir: “Beləliklə, araşdırmadan sonra çıxarılan nəticələrə əsasən, Baş Prokuror Eldəniz Səlimovun deputat kimi toxunulmazlığıına xitam verilməsi üçün Milli Məclisə təqdimat verə və Milli Məclisin qərarı ilə deputat toxunulmazlığına xitam verildikdən sonra Eldəniz Səlimov barədə cinayət işi açıla bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir”.

Parlamentin İntizam komissiyasının sədr müavini qeyd edib ki, məzuniyyət dövründə Baş Prokurorun təqdimatı Milli Məclisə daxil olarsa, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır: “Hazırda deputatlar məzuniyyətdədir və məncə, araşdırmalar davam edəcək, müəyyən dövrdən sonra Baş Prokurorun təqdimatı olarsa, buna da sentyabr ayında, payız sessiyasında baxıla bilər”.

F. Ağamalı onu da qeyd edib ki, fakt baş verib, polis döyülüb, qanun pozuntusu olub və bu, ictimailəşib: “Birincisi, karantin qaydaları pozulub, deputatın da buna ixtiyarı yoxdur. İkincisi, polis vəzifə borcunu yerinə yetirərkən Milli Məclisin deputatı tərəfindən təhqir olunub və zorakılığa məruz qalıb. Üçüncü, deputat öz səlahiyyətlərindən sui-istifadə edib. Üç ciddi qanun pozuntusu var. Bütün bunlar da istintaqın predmetidir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əlaqələndirmə Qərargahı Zəfər Yolunun tikintisinə baxış keçiriblər

Sonrakı məqalə

Azərbaycan millisi ilk medalını qazanıb