“Eldar Həsənov yeni nazir Ceyhun Bayramovla görüşə gedərkən saxlanılıb” –

Vəkil açıqlama yaydı
20 Avqust 2020 - 21:15

Eldar Həsənov 13 avqust 2020-ci il tarixdə səhər saat 9 radələrində evindən çıxaraq XİN-ə yeni nazirlə əvvəlcədən razılaşdırılmış görüşə gedərkən DTX əməkdaşları tərəfindən saxlanılıb və oraya gətirilib. Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam.

Azpost.info bildirir ki, bu sözləri sabiq səfirin vəkili Adil İsmayılov KİV üçün yaydığı açıqlamada bildirib.

Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs KİV-ə heç bir açıqlama verilməsini istəməyib. Onun sözlərinə görə, Eldar Həsənov həmin gün şübhəli şəxs kimi saxlanılıb, ertəsi gün 14 avqustda Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib: “Məhkəmənin qərarından apellyasiya şikayəri vermişik. Bu gün 20 avqustda Bakı Apellyasiya məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvəsində saxlayıb”.

A.İsmayılov qeyd edib ki, Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməməkdə ittiham olunur: “O, ittihamları qəbul etmir və saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib”.

Vəkilin sözlərinə görə, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib. “Onun səhhətində problemlər var, həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük. Hələlik deyə biləcəklərim bu qədərdir.