Xəbər verildiyi kimi uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edən, hazırda isə həbsdə olan general-mayor Nizami Şirinov onun tabeliyində işləmiş üç nəfərlə birlikdə bu gün məhkəmə qarşısına çıxarılıb.
Generalla birlikdə mühakimə olunanlar Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarələrin keçmiş rəisləri Elcan Abdullayev və Elman Tahirov, eləcə də əməliyyat müvəkkili Nadir Nəzirovdur. Təqsirləndirilən şəxslərdən yalnız general Şirinov həbsdədir.
Keçmiş MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində baxılır. Sentyabrın 23-də məhkəmədə generalın vəkili onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil deyir ki, Şirinov 5 il əvvəl MTN-dəki işindən çıxarılıb, təqaüddə olub: “O, istintaqa çağırılanda Türkiyədə ürək əməliyyatı keçirib. İstintaqın çağırışıyla oradakı müalicəsini yarımçıq qoyaraq geri qayıdıb. Burada daimi yaşayış yeri var. Zərərçəkmişlərə, şahidlərə təzyiq göstərmək imkanı yoxdur”.
Lakin hakimlər generalın həbsdən buraxılması vəsatətinə “yox” deyib.
Digər vəkil bildirib ki, xüsusi hallarda belə, istintaq 18 aydan çox çəkə bilməz. MTN işi ilə bağlı istintaq araşdırmaları 2015-ci ilin oktyabrında başlayıb və 1 il 6 aylıq müddət 2017-ci ildə başa çatıb. Vəkilin sözlərinə görə, müvəkkili Nəzirov 2016-cı ildə də çağırılıb dindirilmişdi: “Dəyişən heç nə yoxdur. Həmin dövrün sübutlarıdır. O vaxt müvəkkilim ifadə versə də, cinayət məsuliyyətinə cəlb olunmayıb”.
Müdafiəçi prosessual qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək cinayət işinin məhkəmə baxışına xitam verilməsini istəyib. Lakin bu vəsatət də təmin edilməyib.
General və keçmiş işçilərinin haqqındakı cinayət işində zərərçəkən qismində tanınanlar arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. O, məhkəmədə sabiq MTN-çilərə qarşı 315 min dollar və 300 min manat ödənilməsi tələbi ilə mülki iddia qaldırıb. Yusifov deyir ki, 315 min dollar general və işçilərinin ondan hədələyib aldıqları puldur. 300 min manatı isə ona vurulan mənəvi ziyanın əvəzi olaraq istəyir. Məhkəmə Yusifovun mülki iddiasını icraata götürüb. Amma onun təmin edilib-edilmədiyi məhkəmə prosesinin sonunda məlum olacaq.
Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Elman Tahirov hazırda “Azərsu”da məxfi şöbənin rəisidir. Zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan ordusunun generalı Yaşar Aydəmirovun sürücüsü olub. (Haqqın.az)