Elm və təhsil naziri Naxçıvanda “Son zəng” tədbirinə qatılıb- FOTO

İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhəri Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.

Elm və Təhsil Nazirliyindən  bildirilib ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Nazir Emin Əmrullayev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu xatırladaraq “Son zəng” tədbirinin Naxçıvanda Ulu Öndərin adını daşıyan məktəbdə keçirilməsinin əhəmiyyətini qeyd edib.

2022-2023-cü tədris ilinə Ağalı kənd tam orta məktəbində ilk zənglə başlanıldığını xatırladan Emin Əmrullayev tədris ili çərçivəsində Talış və Suqovuşan kənd tam orta məktəblərinin də istifadəyə verilməsini qürurverici hadisə olaraq qiymətləndirib.

Çıxışının sonunda məzunları təbrik edən elm və təhsil naziri təkcə akademik nailiyyətlərə deyil, həm də vətəndaş dəyərlərinə malik olmağın vacibliyini bildirib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məzunları təbrik edib, onlara gələcək həyatlarında nailiyyətlər arzulayıb.

Tədbir ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ölkə üzrə 98 649 nəfər XI sinfi bitirir. Onlardan 3 166 nəfəri Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən məzun olur.

Əvvəlki məqalə

Volodin Ukraynada öldüyü deyilən deputatla bağlı açıqlama verdi

Sonrakı məqalə

Azərbaycanda 500 min muzdlu işçinin bank hesabları yoxdur