Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir

Türk Dövlətləri Təşkilatının (TDT) geniş coğrafiyada yerləşən üzv və müşahidəçi ölkələri arasında əməkdaşlığın gündəliyi artıq yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmır. Təşkilatın qarşısında duran əsas məsələlərdən biri də enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsidir. Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu məsələnin ümumi təhlükəsizlik arxitekturasının mühüm hissəsinə çevrildiyini göstərir. Dövlət başçısı TDT ölkələrinin böyük potensiala malik olduğunu və geniş coğrafi məkanda yerləşdiyini vurğulayıb.

Milli və regional təhlükəsizliyin mühüm elementləri

Müasir geosiyasi reallıqlar göstərir ki, təhlükəsizliyi yalnız hərbi və siyasi müstəvidə qiymətləndirmək kifayət etmir. Enerji resurslarının fasiləsiz təchizatı, nəqliyyat marşrutlarının dayanıqlılığı və ölkələrin dünya bazarlarına çıxış imkanları da milli və regional təhlükəsizliyin mühüm elementləridir. Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi məsələsinin xüsusilə sərhədlər boyunca mövcud olan bugünkü şərait fonunda mühüm əhəmiyyət daşıdığını bildirməsi də məhz bu yanaşmanı ön plana çıxarır.

TDT məkanının üstünlüklərindən biri onun zəngin təbii ehtiyatlara və mühüm coğrafi mövqelərə malik ölkələri bir araya gətirməsidir. Mərkəzi Asiyanın enerji resursları, Xəzər hövzəsi və Azərbaycanın enerji infrastrukturu ilə yanaşı, Türkiyənin Avropa bazarlarına çıxış imkanları vahid iqtisadi və logistika zəncirinin formalaşdırılması üçün ciddi potensial yaradır. Beləliklə, enerji əməkdaşlığı təkcə resursların hasilatı və ixracı deyil, həm də onların təhlükəsiz marşrutlarla istehlak bazarlarına çatdırılması məsələsidir.

Azərbaycan TDT məkanında əsas tranzit həlqələrdən biridir

 

Bu prosesdə Azərbaycanın coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizi Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında təbii bağlantı rolunu oynayır. Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Xəzər üzərindən Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə istiqamətində Avropa bazarlarına çıxarılması ölkəmizi Şərq-Qərb bağlantısının mühüm həlqəsinə çevirir.

Bu baxımdan Orta Dəhlizin inkişafı yalnız kommersiya və logistika layihəsi kimi qiymətləndirilə bilməz. Marşrutların şaxələndirilməsi beynəlxalq ticarətin daha dayanıqlı təşkilinə, ölkələrin alternativ nəqliyyat imkanlarının genişlənməsinə və regional iqtisadi əlaqələrin güclənməsinə xidmət edir. Prezident İlham Əliyev də əvvəlki TDT Zirvə görüşündə Zəngəzur dəhlizinin həm Orta Dəhliz, həm də Şimal-Cənub marşrutları çərçivəsində mühüm yeni nəqliyyat arteriyası olduğunu qeyd edib.

 

Enerji və nəqliyyat layihələri bir-birini tamamlayır

 

Enerji resurslarının beynəlxalq bazarlara çatdırılması üçün etibarlı boru kəmərləri, limanlar, dəmir yolları və digər logistika infrastrukturu tələb olunur. Eyni zamanda, nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti üçün enerji təminatının sabitliyi vacibdir.

Azərbaycan bu iki istiqamətin kəsişdiyi əsas məkanlardan biridir. Ölkənin enerji infrastrukturu Xəzər hövzəsini beynəlxalq bazarlarla birləşdirir, nəqliyyat infrastrukturu isə Mərkəzi Asiya ilə Avropa arasında yük axınlarının hərəkətinə imkan yaradır. Bu baxımdan Azərbaycanın TDT daxilində rolu yalnız tranzit ölkə statusu ilə məhdudlaşmır. Ölkə həm də müxtəlif enerji və nəqliyyat layihələrinin əlaqələndirildiyi regional platforma funksiyası daşıyır.

TDT üçün yeni əməkdaşlıq imkanları

 

TDT ölkələrinin enerji və nəqliyyat sahəsində daha sıx əməkdaşlığı təşkilatın iqtisadi potensialının reallaşdırılması baxımından da əhəmiyyətlidir. İnvestisiyaların qarşılıqlı şəkildə artırılması, infrastruktur layihələrinin əlaqələndirilməsi və tranzit imkanlarının genişləndirilməsi üzv ölkələrin iqtisadiyyatları arasında bağlılığı gücləndirə bilər. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında birgə investisiya fondlarının yaradılması da bu istiqamətdə əməkdaşlığın institusional əsaslarının genişləndiyini göstərir.

TDT məkanında enerji və nəqliyyat dəhlizləri yalnız iqtisadi gəlir gətirən layihələr deyil, daha geniş təhlükəsizlik sisteminin tərkib hissəsidir. Enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsi üzv ölkələrin xarici bazarlara çıxış imkanlarını artırır, onların qarşılıqlı asılılığını daha sistemli xarakterə gətirir və regional dayanıqlılığı gücləndirir. Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropa arasında yaratdığı bağlantılar isə bu prosesdə ölkəmizin strateji rolunu daha da önə çıxarır. Prezident İlham Əliyevin TDT-nin beynəlxalq rolunun gücləndirilməsi üçün təşkilat ölkələrinin böyük potensiala malik olduğunu vurğulaması da bu əməkdaşlığın gələcəkdə daha geniş təhlükəsizlik və iqtisadi gündəliyə çevrilə biləcəyinə işarə edir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.