Çinin aparıcı epidemioloqlarından biri olan Çjun Nanşan koronavirusun bitəcəyi tarixlə bağlı proqnozlarını paylaşıb.
“Report” xəbər verir ki, bu barədə yerli “Jenmin Jibao” qəzetində yazılıb.
Mütəxəssisin sözlərinə görə, cari ilin qış – 2021-ci ilin yaz aylarınadək pandemiya bitməyəcək. O əlavə edib ki, qışda yoluxma hallarının sayı arta bilər. Bununla belə, akademik vurğulayıb ki, pandemiyanın ikinci genişmiqyaslı dalğasını gözləməyə dəyməz.
Çinli həkim bildirib ki, koronavirusun alovlanmasının qarşısını kəsmək üçün vacib olan məqamda uçuşların dayandırılması, təhsil ocaqlarının bağlanması kimi qısamüddətli sərt tədbirlər görmək gərəkir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,3 milyonu ötüb. Bunların 5 milyondan çoxu sağalıb, 480 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.