“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.
26 may tarixində psixoloq tərəfindən layihəyə cəlb olunan uşaqlara “Diqqət proseslərinin möhkəmləndirilməsi “adlı təlim keçirildi. Diqqət məşqləri zamanı layihədə iştirak edən 15 uşaqla diqqətin inkişaf etdirilməsinə yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər keçirilmişdi. Təlimin əsas məqsədi uşaqlarda diqqətin cəmlənməsi, davamlılığının artırılması, vizual diqqət, seçici diqqət, diqqətin paylanması, təlimata əməl etmə və tapşırıq üzərində çalışma müddətinin inkişaf etdirilməsi olmuşdu.
Məşğələlər zamanı uşaqların yaş və inkişaf səviyyələrinə uyğun müxtəlif metodika, didaktik material və vizual vəsaitlərdən istifadə edilmişdir. Təlim ərzində rəngləri uyğunlaşdırma, fiqurları seçmə, rəng və forma ayırdetmə, labirint tapşırıqları, “fərqi tap”, şəkildə olmayan hissəni müəyyən etmə, vizual diqqət inkişaf etdirən çalışmalar tətbiq olunmuşdu.
Eyni zamanda:
• rəngli dairələri uyğunlaşdırma,
• rəqəmləri tapma və seçmə,
• vizual diqqət və sürət məşqləri,
• top və predmentlə diqqəti yönləndirmə oyunları,
• şəkildə çatışmayan hissəni tapma tapşırıqları həyata keçirilmişdi.
İstifadə olunan metodikalar uşaqlarda:
• diqqətin cəmlənməsi,
• diqqətin davamlılığı,
• seçici diqqət,
• vizual diqqət,
• diqqətin paylanması,
• təlimata əməl etmə,
• tapşırığı sonadək tamamlama bacarıqlarının inkişafına yönəlmişdi.
Təlim zamanı bəzi uşaqlarda diqqətin tez yayınması, impulsiv davranış, tapşırıqdan yayınma və tez yorulma halları müşahidə edilmişdi. Lakin vizual materiallar, oyun tipli fəaliyyətlər və fərdi yanaşma uşaqların məşğələyə marağını artıraraq onların tapşırıqlarda iştirakını aktivləşdirmişdi. Təlimdən sonra valideynlərə tövsiyələr verildi.





