Ermənistanın 17 siyasi partiyası Paşinyanın istefasını tələb etdilər

10 Noyabr 2020 - 00:25

“Çiçəklənən Ermənistan”, Erməni İnqilabi Federasiyası – Daşnaksutyun, Respublika Partiyası və bir sıra Ermənistan siyasi partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Azadlıq Radiosunun erməni xidmətinin yazdığına görə 17 partiyanın imzaladığı birgə bəyanatda deyilir ki, hakimiyyət ölkənin üzləşdiyi daxili və xarici problemlərin öhdəsindən gələ bilməyib, canlı və ərazi itkilərinə yol verib, ölkənin müttəfiqləri və ilk növbədə Rusiya ilə münasibətlər zəifləyib.

Partiyalar Paşinyan və onun hökumətini “könüllü şəkildə və təlatümə yol vermədən” istefa verməyə çağırırlar.

Bəyanatda deyilir ki, ölkənin üzləşdiyi hərbi-siyasi böhranın aradan qaldırılması üçün “təcili qaydada yeni icra orqanı” yaradılmalıdır.

Bu bəyanatla bağlı Ermənistan Milli Məclisinin vitse-spikeri, hakim “Mənim addımım” fraksiyasının üzvü Alen Simonyan şərh verib və deyib ki, bu hərəkətə münasibəti mənfidir: “Keçmiş hakimiyyəti təmsil edən və rədd edilmiş partiyaların bəyanatını bu mərhələdə çox mənfi qiymətləndirirəm”.