“Ermənistan münaqişənin həlli ilə bağlı yanlış yoldadır” –

İLHAM ƏLİYEV
19 Oktyabr 2020 - 15:11

“Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopla görüşdə bildirib.

“Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir”-deyə Prezident vurğulayıb.

Dövlət Başçısı deyib ki, Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır: “Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq”.