Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.
“Sputnik Armenia”nın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
Onun sözlərinə görə, zavod çox da uzaq olmayan bir əraziyə köçürüləcək. Köçürmə və tikinti prosesi davam edir, sonrakı addımları investorlar müəyyənləşdirir.
Qeyd edək ki, Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürüldüyünə dair bir müddət əvvəl xəbərlər yayılmışdı.
Xatırladaq ki, Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyi idi. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcəkdi. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayardısa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaqdı.
Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə – Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edirdi.