“Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir”-

Müdafiə naziri Arutyunyan
22 Fevral 2021 - 11:36

Ermənistan Rusiyanın bu ölkədəki hərbi bazasının imkanlarının genişləndirilməsində maraqlıdır.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

“Rusiyanın Ermənistan Respublikası ərazisindəki hərbi bazasının genişləndirilməsi və potensialının artırılması məsələsi hər zaman gündəlikdə olub. Baza Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün erməni tərəfi həmişə bunda maraqlıdır. Bu səbəbdən bazanın imkanlarının genişləndirilməsi avtomatik olaraq Qafqaz kollektiv təhlükəsizlik bölgəsində ikitərəfli əsasda fəaliyyət göstərən ortaq qrupun potensialının artırılmasına səbəb olur”, – deyə Ermənistan müdafiə naziri qeyd edib.

“Ermənistanda Rusiya ordusunun əlavə hərbi birləşməsinin yerləşdirilməsinə heç bir zərurət yoxdur”-deyə nazir vurğulayıb.
Nazir deyib ki, “genişləndirmə” dedikdə Rusiyanın mövcud 102-ci hərbi bazanın hansısa bir bölüyünün ölkənin digər ərazisində xidmət üçün yerləşdirilməsi nəzərdə tutulur.

 

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi bölgədəki mövcud hərbi və siyasi reallıqları nəzərə alıb və bazanın möhkəmləndirilməsi, yenidən təchiz edilməsi istiqamətində müvafiq addımlar atıb.

“Bu prosesin uzunmüddətli xarakterli olacağına əminəm”, – deyə müdafiə naziri əlavə edib.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir.