“Minsk Qrupunun etdiyi yeganə şey Ermənistanın təcavüzünü müəyyən dərəcədə legitimləşdirmək olub”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib.
“BMT, ATƏT və digərləri kimi aparıcı beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, qərarlar qəbul etməsinə, xüsusilə də təxminən 30 il kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bizim Ermənistana sanksiyaların tətbiq edilməsinə dair bütün çağırışlarımıza baxmayaraq, biz müvəffəq ola bilmədik. Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə bir növ göz yummağa qərar verdi. Ən təəssüf doğuran isə bu idi ki, ATƏT-dən mandatı olan struktur “Minsk Qrupu” və onun həmsədrləri işğal altındakı əraziləri dəfələrlə ziyarət etdilər, bütün şəhər və kəndlərin qəddarcasına məhv edilməsinə, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşmasına şahid oldular, ancaq Ermənistanı qınamadılar. Bu 28 illik “fəaliyyət” boyunca onlar tərəfindən Ermənistana bircə kəlmə də olsa qınaq yox idi. Əlbəttə, biz indi bu Minsk Qrupunun canlandırılması üçün bəzi səylər görürük, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar mandatlarının həyata keçirilməsi üçün heç nə etmədilər. Onların etdiyi yeganə şey əslində müəyyən dərəcədə Ermənistanın təcavüzünü legitimləşdirmək oldu. Onlar təcavüzkarla bu təcavüzün qurbanı olan arasında balans yaratmağa çalışdılar. Ona görə də Azərbaycanın özünün beynəlxalq hüququ bərpa etdiyi, BMT Təhlükəsizlik Şurası qətnamələrini həyata keçirdiyi , BMT Xartiyasını, xüsusilə də özünümüdafiə ilə bağlı paraqrafını istifadə etdiyi və milli ləyaqətimizi bərpa etdiyi bir vaxtda biz başqa bir vasitəçiliyə ehtiyac duymuruq”, – dövlət başçısı qeyd edib.