Ermənistandan Azərbaycanın suverenliyinə qarşı addımlardan çəkinməsini tələb edirik- XİN

Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmağı, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində yer alıb.

Bildirilib ki, iyunun 15-də Ermənistan tərəfindən Azərbaycan ərazisindəki sərhəd nəzarət-buraxılış məntəqəsinə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın məqsədi məntəqənin uğurlu fəaliyyətinə kölgə salmaq, onun təhlükəsiz və sərbəst şəkildə istifadəsinə maneçilik törətməkdir.

XİN-in şərhində vurğulanıb ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir.

Əvvəlki məqalə

Hərbi komandanlıq Ermənistanla sərhəddə əməliyyat şəraitini təhlil edib

Sonrakı məqalə

İsti havalarda infarkt riski artır