Ev tikmək istədi, həbsxanaya düşdü –

Ali Məhkəmənin sərt hökmü narazılıq doğurub
14 Mart 2020 - 21:29

Azərbaycan vətəndaşı Çərkəz Əkbərov oğlu Alim Əkbərovun heç bir günahı olmadan 10 il həbs cəzasına məhkum olunması barədə məhkəmə qərarından narazıdır.

Çərkəz Əkbərovun sözlərinə görə, yaşamaq üçün evləri olmayıb. Ev tikmək üçün Suraxanıda 3 sot torpaq alıblar. Bundan sonra oğlu Alim Əkbərov işə başlamaq üçün tikinti materialları alıb. Lakin məlum olub ki, bu materiallar oğruluq imiş.

Hüquq-mühafizə orqanları işə qarışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Alim Əkbərov 10 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə azadlıqdan məhrum edilib.

Atası Çərkəz Əkbərov bu qərarla razılaşmır və oğlunun heç bir günahının olmadığını bildirir.

Şikayətçinin sözlərinə görə, oğlu Alim Əkbərov Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə həbs edilib: “Oğlumun heç bir günahı olmadığı halda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və Qaradağ rayon Polis İdarəsinin müstəntiqləri Həsən İsmayılov, Elnur Vəliyev, Yusif Yusifovun təqdim etdiyi sənədlər əsasında onu dələduzluqda təqsirləndirərək cinayət işi başladılar. İstintaqda və məhkəmədə oğlumun ittiham olunduğu dələduzluq cinayəti üzrə zərərçəkmişlər və şahidlər onu tanımadığını, onunla hər hansı bir iş görmədiklərini bildiriblər”.

Çərkəz Əkbərovun sözlərinə görə, cinayət işində zərərçəkən qismində tanınan “Gobustone” MMC, “Gilan” MMC və “Holcim Azərbaycan” ASC-nin nümayəndələrinin heç biri Alim Əkbərovu tanımır: “Nə ona tikinti materialları veriblər, nə onunla müqavilə bağlayıblar, nə də ondan şikayətçidilər. Onunla iş görən şəxs azadlıqda gəzə-gəzə mənim oğlumun həyatı şam kimi əriyir”.

Ç.Əkbərovun sözlərinə görə, oğlu ilə birgə həbs olunan Süleymanov Anar Vəli oğluna 7 il 6 ay, Hüseynli Zəmanət Ədalət oğluna isə 3 il şərti cəza verilib: “Oğlumun günahı olmaya-olmaya isə ona ən ağır cəzanı verildi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov da öz həmkarının çıxardığı hökmü qüvvədə saxladı”.

Hökm çıxaran zaman nə onun himayəsində azyaşlı övladının olması, nə də 2003-cü ildən psixiatrik xəstəxanada qeydiyyatda olmasını nəzərə alıblar.

Onun qalaq-qalaq xəstəlik kağızlarına hakim Fikrət Qəribov heç fikir vermədi. Alim Əkbərovun anlaqsız olması ilə bağlı psixiatrik dispanser qərar versə də hakim vəkilin təkrar vəsatətini təmin edib yoxlanmaq üçün 1 saylı Psixiatrik Xəstəxanaya göndərmədi”-deyə Ç.Əkbərov bildirib.

Evsiz-eşiksiz olan Çərkəz kişinin bir valideyn, bir vətəndaş kimi ölkəmizdə müraciət etmədiyi ünvan, döymədiyi qapı qalmayıb. Lakin səsinə cavab verən yoxdur, şikayətlərinə baxılmır, baxılanda isə hər hansı müsbət nəticəsi olmur:  “Əgər oğlumun başına hər hansı bir iş gəlsə, 2 yaşlı körpəsini kim saxlayacaq? Mən və həyat yoldaşım 2-ci qrup əlilik, təqaüdlə dolanırııq”.

Atası iddia edir ki, oğlu Alim Əkbərovun cinayət işi elə ibtidai istintaqda olan zaman dərindən araşdırılmayıb, bəzi vəzifəli şəxslərin günahı olsa da istintaqa cəlb olunmayıb.

Martın 11-də Ali Məhkəmədə işə baxılıb. Məhkəmə təxirə salınıb. Növbəti proses aprelin 29-da olacaq. İşə hakim Əli Seyfəliyev baxacaq. Ç.Əkbərov məhkəmnin ədalətli qərar çıxaracağına  ümid edir. Bununla bağlı o, Prezident İlham Əliyevə müraciət edib.