Evində meyiti tapılmış iki uşaq anasını öz tanışı öldürüb –
Ötən gün Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Aparılmış istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənəət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Qeyd edək ki, Qənəət Fərmanova Laçın rayonundan məcburi köçkün olub. İki oğul anası marketdə satıcı işləyirmiş.
