“Fərəc Quliyevlə bağlı Baş Prokurorluq qərar verəcək” –

MSK sabiq deputata xəbərdarlıq etdi
05 Fevral 2020 - 17:42

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Mehman Hüseynovun həmin dairədən namizəd olan Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK-nın üzvü Ramiz İbrahimov bildirib ki, şikayətdə F. Quliyevin Mehman Hüseynova 15 min manat pul təklifi əksini tapıb.

R. İbrahimov diqqətə çatdırıb ki, həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Etibar Əliyev və Orxan Kəngərli də eyni məsələ ilə bağlı MSK-ya müraciət edərək, F. Quliyevin bununla seçkini gözdən saldığını və buna görə də onun namizədliyinin ləğv edilməsini istəyib.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılıb və onların iclasda iştirak etmələri bildirilib.

Mehman Hüseynov özü də MSK-nın bu gün keçirilən iclasında iştirak edib.

MSK şikayəti müzakirə edib və  indiki mərhələdə Fərəc Quliyevə xəbərdarlıq edilib.

Mərkəzi Seçki Komissiyası 31 saylı Suraxanı ikinci seçki dairəsini ciddi nəzarətdə saxlayacaq.

Bunu MSK sədri Məzahir Mənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir: “Baş Prokurorluqda bu məsələ ilə bağlı qərar qəbul edildikdən sonra MSK məsələyə yenidən baxacaq. Prokurorluğun qərarından asılı olaraq, MSK müvafiq qərar qəbul edəcək”.

Qeyd edək ki, iki gün əvvəl 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F. Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M. Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.