Fəxr yerimiz olan güləş niyə qızıl medal ala bilmədi?

09 Avqust 2021 - 17:40

Olimpiadanın gümüş mükafatçısı Hacı Əliyevin atası Azər Əliyev fanat.az saytına oğlunun Tokiodakı çıxışı haqda danışıb.

Onun sözlərinə görə, hakimlərin finalda Hacını sıxmağı vaxtilə bizimkilərin digər ölkə güləşçilərinin başına açdığı oyunların nəticəsi idi: “Çətin olsa da deməliyəm ki, ilahi ədalət yerini tapır”.

Görəsən, Azər Əliyev nəyə eyham vurur?

Nə qədər əlaqəsinin olduğunu demək çətindi. Amma ötən il Azərbaycanda Vətən Müharibəsinin qızğın vaxtında İsveçrə Federal Məhkəməsi Dünya Güləş Birliyinin sabiq prezidenti Rafael Martinetti və xanımını 2010-2012-ci illərdə onlara bağışlanan pula görə vergi ödəməyə məcbur etmişdi. Hamının fikri ön cəbhədə olduğundan, bu məsələ Azərbaycanda hansısa marağa səbəb olmamışdı.  İddia olunurdu ki, Martinettiyə 2012-ci ildə 5,5 milyon avro ödəmə edilməzdən əvvəl, 2010-cu ildə Azərbaycandan onun hesabına 1,5 milyon avro köçürülüb. Həmin məbləğin Martinettinin xanımının hesabına hədiyyə kimi ödənildiyi bildirilirdi.

Çox nəhəng hədiyyədir. Adama durduğu yerdə aysberqdən ağır hədiyyəni niyə versinlər ki? Hansı xidmətlərinə görə? Və ya o boyda hədiyyəni verməkdə maraq nə ola bilər? Bu suallara hələ konkret cavab tapılmasa da, statistika deyir ki, Martinetti hakimiyyətdə olduğu dövrdə Azərbaycan güləşçiləri 3 Olimpiadadan 3 qızıl medal gətirib. Rafael müəllim Dünya Güləş Birliyindən istefaya göndəriləndən sonra isə güləşçilərimiz dördilliyin ən mötəbər yarışında birinci pilləyə həsrət qalır.

Görəsən, ata Əliyev bunu nəzərdə tutur?

Ata Əliyev müsahibəsində bildirib ki, indiki şəraitdə Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov kimi güləşçilərin yetişməsi mümkünsüzdür: “Başlar pul yeyintisinə qarışıb. Ümumiyyətlə, ölkədə uşaq idmanı məhv olub. Halbuki, dövlət başçımızın idmana göstərdiyi qayğı dünyanın heç bir yerində yoxdur”.

Görəsən, Azər bəy indi nəyə işarə vurur?

Yadınızdadısa, federasiyanın sabiq baş katibi Əjdər Cəfərovun başı bir ara qalmaqala qarışmışdı. Milli komandanın sabiq bolqarıstanlı məşqçiləri Filip Manolov və Simyon Atanasov o vaxtkı baş prokuror Zakir Qaralov və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Azərbaycan Güləş Federasiyasının baş katibi olmuş Əjdər Cəfərovdan şikayət etmişdilər. Onlar iddia edirdilər ki, aylıq əmək haqlarının yarısını baş katibə verirdilər: “Mənim aylıq əmək haqqım 2500 ABŞ dolları olub. Lakin həmin vaxt federasiyasının baş katibi olan Əjdər Cəfərov qarşımda şərt qoydu ki, əmək haqqımın yarısını, yəni 1250 ABŞ dollarını hər ay ona verməliyəm. Əks təqdirdə məni işdən azad edəcəyi ilə hədələdi”.

Atanasov isə imzaladığı müraciətdə baş katibə 100.000 ABŞ dolları verdiyini iddia edirdi: “Mən 2013-2014-cü illərdə Azərbaycan Güləş Federasiyasında əvvəl kişilərdən ibarət komandada, 2015-2017-ci illərdə qadınlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərmişəm. İşlədiyim dövrdə güləş üzrə Avropa və dünya çempionatlarında məşq etdirdiyim idmançıların göstərmiş olduqları nailiyyətlərə görə bizə müxtəlif məbləğlərdə pul vəsaiti şəkilində mükafatlar ödənilib. Həmin dövrdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində işləmiş Əjdər Cəfərov mənim qarşımda şərt qoyub ki, mən aldığım mükafatın 50 faiz hissəsini hər dəfə ona verməliyəm. Əks təqdirdə, məni işləməyimə imkan verməyəcəyi ilə hədələdi. Məcburiyyət qarşısında qalıb, hər dəfə aldığım mükafatların yarısını ona verirdim. Mənim Əjdər Cəfərova verdiyim pulların ümumi məbləği 100.000 ABŞ dolları olub”.

Görəsən, ata Əliyev bunu nəzərdə tutur?

Matc.az