“Fələstin-İsrail münaqişəsinin nəzarətdən çıxma riski var” –ÇİN

Çinin xarici işlər naziri Van İ və ABŞ-ın Dövlət katibi Antoni Blinkenin telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi müzakirə olunub.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Antoni Blinken Yaxın Şərq regionuna səfərinə, ölkəsinin münaqişə ilə bağlı mövqeyinə dair məlumat verib.

Çin XİN rəhbəri Van İ Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyini və nəzarətdən çıxma riski olduğunu söyləyib. O, rəsmi Pekinin münaqişə ilə bağlı mövqeyi barədə məlumat verərək, mülki şəxslərə ziyan dəyməsinə və beynəlxalq hüququ pozan bütün fəaliyyətlərə qarşı olduğunu deyib.

Van İ hazırda prioritet məsələnin döyüşlərin dayandırılması və gərginliyin azaldılması olduğunu vurğulayıb, Fələstin məsələsinin əsaslı nizamlanmasının “iki dövlətli həll”in icrası ilə mümkün olacağını bildirib.

“Ərəb xalqı ilə İsrail xalqı arasında barışıq olmadan Yaxın Şərqdə sülh mümkün deyil”, – deyən Çin xarici siyasət idarəsinin rəhbəri geniş konsensus əldə etmək üçün tezliklə beynəlxalq sülh konfransının təşkilinə çağırış edib.

Əvvəlki məqalə

Rusiya bir gecədə Ukraynanın 27 PUA-sını ələ keçirib

Sonrakı məqalə

9 ayda ölkədə 424 min ton ət istehsal olunub