Bakıda Formula 1-in 10-cu yubiley yarışı keçirilir. Bu il yarışa maraq əvvəlki illərlə müqayisədə artıb: Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, 2026-cı il Qran-prisi ilə bağlı Bakıya gələn xarici turistlərin sayı 16 mini keçib. Bu, Formula 1 yarışlarının Azərbaycanda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. 2025-ci ildə isə yarış günlərində Bakıya 14 min xarici turist gəlmişdi.
Bəs bu turistlər Bakıda nə qədər pul xərcləyir və Formula 1 şəhər iqtisadiyyatına real olaraq nə qədər vəsait gətirir?
Bir turist orta hesabla 2 200 dollardan çox xərcləyir
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin APA-ya verdiyi məlumata görə, Formula 1 üçün Azərbaycana gələn turistlərin hər biri orta hesabla 2 200 dollardan çox pul xərcləyir. 16 min turist üzrə bu göstəricini sadə hesablasaq, söhbət ən azı 35,2 milyon dollarlıq turist xərclərindən gedir.
Bu, Formula 1-in Azərbaycana gətirdiyi ümumi iqtisadi gəlir demək deyil. Çünki turistlərin xərcləri yalnız otel və restoranlarla məhdudlaşmır: nəqliyyat, alış-veriş, əyləncə, mədəni obyektlər, xidmətlər və digər sahələr də bu dövriyyədən pay alır. Üstəlik, yarışın təşkilinə bağlı yerli şirkətlərin və təchizatçıların fəaliyyəti də iqtisadi təsirin digər hissəsini yaradır.
F1-dən Bakının iqtisadiyyatına 277 milyon dollar gəlib?
Bu rəqəm son günlər yenidən gündəmə gəlsə də, onun hansı dövrə aid olduğunu dəqiqləşdirmək vacibdir.
PwC-nin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sifarişi ilə hazırladığı hesabatda 277,3 milyon dollarlıq iqtisadi təsir hesablanıb. Lakin bu rəqəm Bakıda keçirilmiş ilk iki yarışa – 2016-cı ildə Avropa Qran-prisinə və 2017-ci ildə Azərbaycan Qran-prisinə – aiddir. Hesabat birbaşa və dolayı gəlirləri birlikdə hesablayıb.
Həmin iki yarış üzrə birbaşa iqtisadi təsir 164,2 milyon dollar, dolayı təsir isə 113,1 milyon dollar olub. Birbaşa gəlirlərdə turizm sektorunun payı 22,7 milyon dollar, dolayı gəlirlərdə isə 14,9 milyon dollar təşkil edib. Hesablamaya hotel, restoran, nəqliyyat, peşəkar xidmətlər, ticarət, kənd təsərrüfatı, rabitə və digər sahələr daxil edilib.
Deməli, 277,3 milyon dolları 2016-cı ildən 2026-cı ilədək bütün yarışların qazancı kimi təqdim etmək düzgün deyil. Bu, ilk iki Qran-prinin iqtisadi təsirini ölçən PwC araşdırmasının nəticəsidir.
2025-ci ildə restoran və mağazalarda xərclər kəskin artıb
Formula 1-in iqtisadi təsirinin yalnız turistlərin sayından ibarət olmadığını Mastercard Economics Institute-nin yeni araşdırması da göstərir.
2025-ci il Bakı Qran-prisi zamanı yarış ətrafındakı beş gün ərzində xarici ziyarətçilərin restoranlardakı xərcləri tədbir olmasaydı gözlənilən səviyyə ilə müqayisədə orta hesabla 170 faiz daha yüksək olub. Pərakəndə ticarətdə isə xərclər 94 faiz artıb.
Yarışdan üç gün əvvəl belə restoran xərcləri gözlənilən göstəricidən 65 faiz, pərakəndə xərcləri isə 29 faiz çox olub. Yarış günü restoran xərcləri üç dəfədən çox artıb, pərakəndə ticarətdə isə ən yüksək artım yarışdan bir gün əvvəl – 154 faiz təşkil edib.
Mastercard məlumatlarına əsasən, 2025-ci il yarış həftəsində xarici ziyarətçilərin xərclərində Türkiyədən gələnlərin payı təxminən dörddəbir olub. Onları Böyük Britaniya, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər izləyib.
Ekspert: F1 təkcə yarış deyil, Bakı üçün tanıtım vasitəsidir
Turizm eksperti, Skal Baku Turizm Peşəkarları təşkilatının sədri Ceyhun Aşurov hesab edir ki, son illərdə Formula 1-ə xarici marağın artması şəhərin turizm imkanlarına da təsir göstərir.
Onun sözlərinə görə, yarış üçün gələn turistlər yalnız trek ətrafında vaxt keçirmir, Bakının tarixi və turistik məkanlarını, restoranlarını və digər xidmətlərini də istifadə edirlər. Aşurov Formula 1-in onlayn izlənilməsinin belə şəhərin tanıdılmasına təsir etdiyini, yarışla bağlı axtarışların Bakıya marağı artırdığını bildirir.
İqtisadçı ekspert Natiq Cəfərli isə Formula 1-in Azərbaycanın beynəlxalq tanıdılmasında rolunu qeyd etməklə yanaşı, yarışın şəhər daxilində bəzi kiçik bizneslər üçün çətinliklər yaratdığını da vurğulayıb. Onun sözlərinə görə, yolların bağlanması və hərəkətin məhdudlaşdırılması bəzi restoran, kafe və mağazaların müştəri itirməsinə səbəb ola bilər.
Əsas qazananlar kimlərdir?
Mövcud məlumatlar göstərir ki, Formula 1-dən iqtisadi fayda bir sahədə cəmlənmir. Hotel, restoran, taksi və digər nəqliyyat xidmətləri, pərakəndə ticarət, əyləncə və turizm obyektləri yarış günlərində əlavə tələb əldə edir.
Azərbaycanın rəsmi statistikasında da turizmin iqtisadi göstəriciləri ayrıca izlənilir. Dövlət Statistika Komitəsi hotel, turagentlik, iaşə və gəlmə turizm üzrə aylıq və illik məlumatlar dərc edir.
Beləliklə, 2026-cı il üçün hazırda ən konkret rəqəm 16 mindən çox xarici turist və turist başına 2 200 dollardan artıq orta xərcdir. Bu iki göstərici Formula 1 həftəsinin Bakı üçün ən azı on milyonlarla dollarlıq əlavə turist xərcləri yaratdığını göstərir. Lakin yarışın 2026-cı il üzrə yekun iqtisadi effektini hesablamaq üçün hotel, restoran, pərakəndə ticarət, nəqliyyat və digər sektorların yarışdan sonrakı açıqlanan tam məlumatlar əsasında danışmaq olar.
Samir Abdulla