Fransa parlamentinin deputatları Gəncəyə səfər edib

23 İyul 2021 - 12:28

Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti bu gün Gəncə şəhərinə səfər edib.

Fransalı deputatlar Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı raket hücumlarına məruz qoyduğu ərazilərdəki dağıntıları öz gözləri ilə görüblər.

Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, fransalı deputatlar gördükləri mənzərənin təsəvvür etdiklərindən daha ağır olduğunu qeyd ediblər.

Milli Məclisin deputatı nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına da səfərinin nəzərdə tutulduğunu bildirib: “Əminəm ki, Ağdam və Füzuli rayonlarına səfər fransalı həmkarlarımız üçün bir çox məsələlərə aydınlıq gətirmək baxımından çox vacibdir. Nümayəndə heyətinə daxil olan deputatlar əsasən Azərbaycanın haqlı mövqeyini müdafiə edən insanlardır. Bu səfər vəziyyəti yerində görmək və daha dolğun təsəvvür əldə etmək baxımından çox vacibdir”.

Soltan Məmmədov bu cür səfərlərin təşkilinin münasibətlərdə etimadın bərpası üçün vacib olduğunu vurğulayıb. O bildirib ki, iki ölkənin bir çox sahələrdə üst-üstə düşən maraqları var və keçmişə deyil, gələcəyə baxmaq, əlaqələri daha da gücləndirmək hər iki tərəf üçün vacibdir.