“Fransada biz erməni lobbisinin güclü təzyiqi ilə üz-üzəyik” –

Senator Natali Qule bəyanat yaydı
09 Noyabr 2021 - 11:20

Noyabrın 23-də Fransa Senatının sədri və senatda təmsil olunmuş partiya fraksiyalarının rəhbərləri mövcud olmayan qondarma “Artsax Respublikasına” dəstəklərini ifadə etmək üçün konfrans təşkil etməyi planlaşdırırlar.

Fransa Senatının üzvü, uzun illər Fransa-Azərbaycan Parlamentlərarası İşçi Qrupun rəhbəri və üzvü olmuş Natali Qule bu münasibətlə Bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan öz ərazilərini erməni işğalından azad etmək məqsədinə Prezident İlham Əliyevin qətiyyəti sayəsində nail olub. Biz bilirdik ki, beynəlxalq ictimaiyyət bu məsələni həll etməyə hazır deyil və Azərbaycan ərazilərinin bütövlüyünün bərpasında maraqlı deyil… BMT və ATƏT-in Minsk Qrupu 30 ilə yaxın Qarabağ münaqişəsini diplomatik yolla həll etməyə çalışsalar da, buna nail ola bilmədilər.

Mən fəxr edirəm ki, 8 noyabr tarixini Azərbaycan xalqı ilə birlikdə Qələbə Günü kimi qeyd edirəm. 2020-ci il noyabrın 10-da Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması elan edilib.

Fransada biz çox güclü və təzyiqçi erməni lobbisi ilə üz-üzəyik. Növbəti prezident və parlament seçkiləri səbəbindən bu təzyiqlər günbəgün daha da güclənir. Məsələn, noyabrın 23-də Fransa senatı “Artsaxın müstəqilliyini” dəstəkləmək üçün konfrans keçirməyi planlaşdırır. Fransa Xarici İşlər Nazirliyinin və Fransa dövlətinin rəsmi mövqeyinə zidd olaraq Senatın spikeri və siyasi partiyaların rəhbərləri bu tədbirdə iştirak edəcəklər. Yaxın tariximizdə ilk dəfədir ki, Senat Fransanın rəsmi mövqeyinə zidd olaraq fərqli mövqedədir. Belə bir vəziyyətdə bölgədə sülhü dəstəkləmək üçün edə biləcəyimiz heç bir şey qalmır.

Ona görə də mən Azərbaycan xalqına tam dəstəyimi və dostluğumu bir daha təsdiq etmək istəyirəm.

Natali Qule, Fransa senatoru