Fransada rusiyalı oliqarxın 23 milyonluq villasına həbs qoyuldu- “Le Monde”

Fransada məhkəmə ilk dəfə olaraq cinayət işi çərçivəsində rusiyalı oliqarxa məxsus villaya həbs qoyub.

Azpost.info xəbər verir ki, villa Maqnitoqorsk dəmir-polad zavodunun direktorlar şurasının sədri Viktor Raşnikova məxsusdur.

“Le Monde” yazır ki, villanın dəyəri 23 milyon avro olaraq qiymətləndirilir. O, Nitsa yaxınlığındakı Sen-Jan-Kap-Ferrat sahil kommunasında yerləşir.

Villaya 2022-ci ilin oktyabrında Paris prokurorluğunun mütəşəkkil cinayətkarlıqla mübarizə ilə məşğul olan bölməsinin tələbi ilə həbs qoyulub. Müstəntiqlər villanın satılma mərhələsində olduğunu müəyyən ediblər.

Eyni zamanda, satıcı İsveçrə şirkəti Panamada qeydiyyatdan keçmiş daha böyük şirkətə məxsusdur. Bu strukturlar Raşnikovla, eləcə də villanın alıcısı olan Rusiya vətəndaşı ilə bağlıdır. 17 milyon avro dəyərində olan müqavilə (bütün vergilər və rüsumlar ödənildikdən sonra) sonda dondurulub.

2022-ci il martın 15-də Aİ-nin şəxsi sanksiyalarına məruz qalmasından sonra Raşnikovların Kot d’Azurdakı daha üç evinin mülkiyyət hüquqları inzibati qaydada dondurulub.

“Le Monde” məlumatlı mənbəyə istinadən xəbər verir ki, Sen-Jan-Kap-Ferratdakı villa o zaman Raşnikovun mülkiyyəti elan olunmadığından Fransa hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılmayıb.

Nəşr onu da qeyd edir ki, Fransada Rusiyadan olan oliqarxlara qarşı çirkli pulların yuyulması üzrə ümumilikdə 17 iş araşdırılır.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident Əlcəzairin Baş naziri ilə görüşüb

Sonrakı məqalə

Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü başlayıb