Fransadan gəlmiş jurnalistlər Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb –

FOTO
19 May 2021 - 15:01

Qafqaz Müsəlmanları İdarəsində Fransadan gəlmiş jurnalistlərlə görüş olub.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Jan-Mişel Lüsyen Bran, Karim Ahmed İfrak və Sarra Durmanın daxil olduğu nümayəndə heyəti ilə görüş zamanı QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə fransalı jurnalistlərə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi və dini konfessiyaların real əməkdaşlıq müstəvisi barədə danışıb.Şeyxülislam A. Paşazadə 44 günlük qalibiyyətli Vətən müharibəsi dövründə Zəfərin əldə edilməsində bu birlik və həmrəyliyin xüsusi önəm kəsb etdiyinə diqqəti çəkib.

Vətən müharibəsi dövründə erməni tərəfinin hadisələrin mahiyyətinin yanlış təqdim olunması istiqamətində qarayaxma, ittihamlarla dolu təbliğatı, ələlxüsus, dini müstəvidə münaqişə kimi təqdim olunması məsələsinə dair fransalı yazarların sualına cavab olaraq QMİ sədri bildiribki, bu, təmamilə yanlış yanaşmadır və Azərbaycanın haqlı mübarizəsinə, dünya birliyi tərəfindən tanınan öz ərazilərini azad etmək yönündə ədalətli mübarizəsi dövründə xristian təəssübkeşliyinə nail olmaq, dini hisslərdən sui-istifadə etməyə hesablanmış saxtakarlıqdır. Şeyxülislam A. Paşazadə bildiribki, 1988-ci ildən — münaqişə başlanan zamandan etibarən dəfələrlə, müxtəlif vasitəçi tərəflərin — Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin vasitəçilik missiyası ilə baş tutmuş yüksək səviyyəli görüşlərdə Erməni Apostol Kilsəsinin bütün rəhbərləri, o cümlədən, hazırki Katolikos-Patriarx II Qaregin münaqişənin dini səciyyə daşımadığını etiraf etmiş, Birgə Bəyannamələrdə imzaları ilə təsdiq ediblər.

QMİ sədri Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər, vandalizm aktları, dini məbədlərə qarşı təhqiramiz münasibəti barədə fransalı media mənsublarını geniş məlumatlandırıb. O bildirib ki, Ermənistan törətdiyi mədəni abidələrə qarşı soyqırım siyasətini ört-basdır etmək məqsədilə Azərbaycana yalan ittihamlar irəli sürür, guya erməni dini abidələrinə xələl gətirildiyi iddiası ilə qarayaxma kampaniyası aparır. Halbuki, erməni tərəfi işğal dövründə qədim alban, ənənəvi pravoslav kilsələrini erməniləşdirmək, qriqoryanlaşdırmaqla məşgul olub, onların mənşəyini saxtalaşdırıb, müsəlman məscid və ziyarətgahlarını dağıdıb, yandırıb, tövləyə çevirərək təhqir edib. Şeyxülislam A. Paşazadə milli-dini, multikultural dəyərlərə böyük ehtiramla yanaşan Azərbaycan dövlətinin dağıdılmış mənəvi irsinə sahib çıxdığını, işğalçıların məhv etdiyi bütün dinlərə məxsus mənəviyyat abidələrini — məscid, kilsə, sinaqoqları bərpa edib dirçəldəcəyini qonaqların diqqətinə çatdıdbı.
İndiyədək 20-yə yaxın məqalə ilə Azərbaycan reallıqları barədə çıxış etdiyini bildirən fransalı jurnalist Jan-Mişel Lüsyen Bran işğaldan azad olunmuş Qarabağa səfər edəcəklərini diqqətə çatdırdı və bilavasitə müşahidələrini Fransa mediasında işıqlandırmaq niyyətində olduqlarını bildirib.O, Bakıda olduqları müddət ərzində müxtəlif din mənsublarının ölkəmizdə rahat, azad öz ibadətlərini həyata keçirdiklərini, insanların simasında xoşbəxtlik, fərəh müşahidə etdiklərini xüsusi qeyd edib. Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə ayrıca müsahibələr etmək niyyətini ifadə edən fransalı jurnalist Karim Ahmed İfrak öz ölkəsində də belə bir dinlərarası mühit arzusunda olduğunu deyib.
Fransalı jurnalislər pandemiya şəraiti səngidikdən sonra Azərbaycanın multikultiral dəyərlərinin təbliği və təşviqi məramı ilə Fransada beynəlxalq forumların təşkilinin məqsədəuyğun olduğunu dilə gətirərək, QMİ sədrindən bu istiqamətdə təşəbbüs göstərməsini xahiş ediblər. Onlar bildiriblər ki, dinlərarası dialoqa dair belə bir foruma Fransa cəmiyyətində ehtiyac duyulur. Şeyxülislam A. Paşazadə 2017-ci ildən QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyət göstərdiyini və onadək ölkədə, o cümlədən, Avropa dövlətlərində — Almaniya, İspaniya, Avstriyada mötəbər beynəlxalq konfranslar təşkil etdiklərini diqqətə çatdıraraq, yaxın gələcəkdə Fransada bu xətlə tədbir keçirilməsinin mümkünlüyünü nəzərdən keçirə biləcəklərini bildirib.