Avstriyanın Federal Kansleri Sebastian Kurts avqustun 28-də keçirilən mətbuat konfransında koronavirus pandemiyası ilə bağlı aktual vəziyyət və payız mövsümündə ölkənin ictimai-siyasi həyatında gözlənilən hadisələri şərh edərkən ümidvar olduğunu bildirib ki, Avstriyada pandemiyadan əvvəlki normal həyat 2021-ci ilin yayına kimi bərpa oluna bilər. O, ekspertlərin xəbərdarlığının əksinə olaraq, böhranın gözlənildiyindən tez bitəcəyinə ümidini ifadə edib.
Federal Kansler dünya bazarına çıxarılması gözlənilən virus əleyhinə peyvəndlərin normallaşma prosesinə müsbət təsir edəcəyini də vurğulayıb. Bununla belə, qarşıdakı dövrdə məktəblərin açılması, qapalı məkanlarda insanların toplaşması, hər il təkrarlanan qrip dalğası payızdan başlayaraq daha da diqqətli olmağı tələb edəcək. Buna görə də Avstriya hökuməti gələn həftə mövcud vəziyyəti qiymətləndirərək, növbəti tədbirlər paketini ictimaiyyətə bəyan edəcək.
Bu il ölkə iqtisadiyyatında 7 faiz geriləmə olacağını qeyd edən Federal Kansler gələn ildən etibarən vəziyyətin sabitləşəcəyini bildirib, bunun üçün hökumətin iqtisadiyyatın mühüm sektorlarını dəstəklədiyini, iqtisadi siyasətdə əsas diqqətin iş yerlərinin qorunmasına və aparıcı sənaye şirkətlərinin ölkədə qalmasına yönəldiyini diqqətə çatdırıb.
Avstriyanın müxalifət partiyaları isə hökumət rəhbərinin çıxışını tənqid edərək, bunu vəziyyəti görməzdən gəlmək kimi dəyərləndiriblər. Bildirilib ki, “bərli-bəzəkli” ifadələrlə dolu olan çıxışda iflasa uğrayan şirkətlərin xilası, yeni iş yerlərinin yaradılması, yaşlı əhalinin qorunması və sosial təminatının artırılması üçün konkret plan təqdim olunmayıb.