Gəncədə binada partlayış baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
APA xəbər verir ki, ölənlər 1960-ci il təvəllüdlü Mehriban Paşayeva və Xudaverdiyeva Könüldür.
Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.