“Gənclər ətraf mühitin keşiyində” layihəsi çərçivəsində Şirvanda seminar keçirilib –FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi (GİK İB) tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində Milli QHT Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim mərkəzində növbəti seminar keçirilib.

Tədbirdə Şirvan şəhər 18 və 20 nömrəli məktəblərin müəllimləri və texniki işçiləri iştirak ediblər. Layihənin rəhbəri Əli Mirzəyev layihənin məqsədləri, görülən işlər, əldə olunan nəticələr, qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib:  “Bu məqsədlə gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Bizim təşkilat da bu proseslərdə iştirak edir. Layihə çərçivəsində Şirvan İqtisadiyyat və Humanitar Kollecində, Şirvan Peşə Liseyində, Şirvan Gənclər evində seminarlar təşkil edilib, bu tədbirlərə 200-ə yaxın tələbə və gənclər cəlb edilib. Orta məktəb müəllimlərinə şagirdlərlə işləyərkən ətraf mühitin sağlamlığa təsiri barədə, hər bir ağacın, bəzək güllərinin, dekorativ kolların həyatımız üçün nə qədər önəmli rolu olduğu barədə mütamadi məlumatlar verilməsi tövsiyyə edildi”.

Müzakirələrə qoşulan 20 nömrəli məktəbin müəllimi Çingiz Bayramov qeyd etdi ki, məktəbin həyətində hər il xeyli ağac əkirik, amma suvarma suyu əvəzində onlara içməli su veririk, bu isə ağaclara və bitkilərə pis təsir edir və onlar yaxşı inkişaf etmir. 18 nömrəli məktəbin müəllimi Nuranə Mirzəyeva yaşıllıqların qorunması, ağaclara qulluq edilməsi, ərazinin məişət tullantılarından təmizlənməsi sahəsində görülən işlərdən  danışıb.

Çay süfrəsi arxasında müzakirələr davam etdirildi.

Əvvəlki məqalə

Aİ ilə Ukrayna arasında təhlükəsizlik zəmanətləri sazişi imzalandı

Sonrakı məqalə

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb