“G-7” sammiti Floridadakı kurortda keçirilməyəcək- Tramp fikrini dəyişdi

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, “Böyük yeddiliyin” (G-7) 2020-ci il iyunun 10-12-nə planlaşdırılan sammiti onun Mayamidə yerləşən “Trump National Doral” kurortunda təşkil edilməyəcək.

Azərtac xəbər verir ki, Ağ evin başçısı demokratlar və bəzi respublikaçılar tərəfindən tənqid olunduqdan sonra bu qənaətə gəlib. Özünün “Twitter” hesabında yeddi ölkənin iştirakı ilə sammitin planında dəyişikliklər barədə qeyd edən Tramp bildirib: “KİV-lərin və demokratların “hay-küylü” reaksiyası və irrasional ədavət sayəsində biz daha Mayamidəki “Trump National Doral” kurortuna 2020-ci ildə “Böyük yeddilik” sammitinin keçiriləcəyi yer qismində baxmayacağıq. Biz dərhal başqa yerin axtarışına başlayacaq, o cümlədən tədbirin Kemp-Deviddə keçirilməsi imkanlarını nəzərdən keçirəcəyik. Çox sağ olun!”

Xatırladaq ki, cümə axşamı Ağ ev Tramp Administrasiyasının “Böyük yeddilik” sammitini Mayamidə prezidentə məxsus “Trump National Doral” kurortunda keçiriləcəyini planlaşdırması barədə elan edib. Demokratlar özlərinin təəccübünü ifadə edib və Trampı şəxsi maraqlarını xidməti fəaliyyəti ilə qarışdırmasına görə tənqid ediblər. Etika məsələləri üzrə müşahidəçi orqanlar qismində fəaliyyət göstərən təşkilatlar administrasiyanın bu addımını qınayaraq, bunu “prezidentin xarici hökumətlərin pul vəsaitlərini prezidentin cibinə yönləndirməyə biabırçı cəhd” adlandırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qanunsuz aksiyanı təhlil etməmiş bəyanat veriblər”

Sonrakı məqalə

Aİ və MDB ölkələrindən Azərbaycana nə qədər turist gəlib?