Ukraynada əsir götürülən iki “Vaqner”çi CNN-ə döyüşlər zamanı rus qoşunlarının böyük itkilər verməsindən və muzdlu döyüşçülərə qarşı amansız münasibətdən danışıb.
Azpost.info xəbər verir ki, CNN təhlükəsizlik səbəbi ilə müsahiblərinin adlarını açıqlamayıb, sadəcə söhbətin Ukrayna hərbçilərinin iştirakı ilə keçirildiyini qeyd edib.
Məhbuslar müsahibələrində Luqansk vilayətində Beloqorivkaya hücumu təsvir ediblər. Dediklərinə görə, onların dəstəsində olan 90 nəfərdən 60-ı artilleriya atəşi nəticəsində həlak olub: “Ağır itkilər hücumun davam etdirilməsinə əngəl yaratmırdı. Qruplardan biri uğur qazanmasa, növbətisi irəli gedir. Əgər o da uğursuz olarsa, üçüncüsü göndərilir. Tapşırığı yerinə yetirmədən geri çəkilənlər öz komandirləri tərəfindən yerindəcə güllələnirdi. Hücuma keçməkdən imtina edən döyüşçünü öz məzarını qazmağa məcbur edirdilər. Yaralıların döyüş meydanından təxliyyəsi təmin edilmirdi. Onlar bunu öz güclərinə etməli idilər”.
“Vaqner”çilər keçmiş məhbuslar olduqlarını və “Vaqner”ə şəxsən hərbi qrupun qurucusu Yevgeni Priqojinin vasitəsilə cəlb olunduqlarını deyiblər. Onlardan biri qətl işinə görə 20 il həbs cəzasına məhkum edilibmiş.
Keçmiş məhkumlar bildiriblər ki, onlara 6 aylıq döyüşdən sonra əfv ediləcəkləri, cinayət keçmişlərinin götürüləcəyi, o cümlədən pul mükafatı və kreditlərinin ödəniləcəyi vəd edilib. Həmçinin deyilib ki, Ukrayna ordusunun əsgərləri qaçandan sonra Qərb ölkələrindən, xüsusən də Polşa və Almaniyadan olan muzdlularla döyüşəcəklər.
Azpost.info