“Bu qanun gələn il qüvvəyə minəcək. Qanunda nəzərdə tutulan “ağıllı sayğac”lar hazırkı sayğaclardan nə ilə fərqlənir və biz bütün sayğacları ağıllı sayğaclarla əvəzləyəcəyikmi?”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov ikinci oxunuşda müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
V. Əhmədov deyib ki, əgər sayğaclar “ağıllı sayğac”larla əvəzlənəcəksə, vətəndaşın deyil, dövlətin hesabına dəyişdirilməlidir: “Ümumiyyətlə, sayğacların dəyişdirilməsi üçün nə qədər vəsaitin lazım olduğu hesablanıbmı?”.
Deputat Fazil Mustafa isə sayğacların dəyişdirilməsi zamanı əsas məsələnin şəffaflıq, dövlət vəsaitinin səmərəli istifadəsi olduğunu vurğulayıb: “İstehlakçı nə qədər enerji istəyəcəksə, o qədər enerji ilə də təmin etməlisən. Yoxsa qanunda bina üçün hansısa həddin müəyyənləşdirilməsinə nə ehtiyac var? Qobustan yolunda külək enerjisi üçün guya avadanlıqlar quraşdırılıb, altındakı generatorlar söndürülüb. Yaxud Günəş panelləri elə yerdə quraşdırılıb ki, onları toz basıb, oradan nə enerji alınacaq? Əsas məsələ odur ki, istehlakçıya keyfiyyətli xidmət göstərilsin, vəsaitlər də mənimsənilməsin”.
F. Mustafa qeyd edib ki, ki, fərdi olaraq Günəş panelləri quraşdırsınlar, digər alternativ bərpa olunan enerji mənbələri yaradaraq istifadə edə bilsinlər deyə rayonlarda insanlara kreditlər vermək lazımdır.
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov nəzərə çatdırıb ki, qanun layihəsində məcburi enerji auditinin 3 ildən bir aparılmasının nəzərdə tutulub: “Bu müddət azaldılmalıdır. Layihədə “ağıllı sayğaclar”ın zədələndiyi və dəyişdirilməsi zərurəti yarandığı halda bunun təchizatçı qurum tərəfindən təmin olunması əksini tapmalıdır”.
Deputat Aydın Hüseynov “ağllı sayğac”ların dəyişdirilməsinin istehlakçı və ya təchizatçı deyil, sərbəst bir qurum tərəfindən həyata keçirilməsini təklif edib: “Qanun layihələrində tez-tez Avropa standartlarının adını çəkirik. Ancaq dünyada elə standartlar var ki, Avropadan da yaxşıdır. Ona görə də dünya təcrübəsini, standartlarını qeyd etsək yaxşıdır”.
Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vətəndaşların əksəriyyətinin enerji resursundan səmərəli istifadə etdiyini söyləyib: “Ancaq Tovuzun elə kəndləri var ki, hələ də 70 faizində qaz var, 30 faizində yoxdur. Hər il bu problemi qaldırırıq, deyirlər ki, növbəti ilə həll olunacaq. Vətəndaş da qışda evi qızdırmaq üçün elektrik enerjisindən istifadə edir, elektrik xətləri isə bu yükə hesablanmayıb. İlk öncə bu problemi həll etməliyik. Qovlarda 9 ailəyə hələ də elektrik verə bilmirik, elektrik xətləri uzaqdadır, Vətəndaşa elektrik enerjisinin evində verilməsi təmin olunmalıdır. Mənə müvafiq qurumlardan deyirlər ki, 500 metr məsafəyə elektrik xətti çəkməliyik? Fürsətdən istifadə edərək Zəyəmçay üzərində bir su anbarının da tikilməsini təklif edirəm. Çünki Zəyəmçayda yayda su olmur, suvarmada problem yaranır. Ümumiyyətlə, bütün işlər koordinasiya olunmalıdır”.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanunu tamamlayan yeni bir qanun layihəsinin parlamentə daxil olacağını bildirib: “Energetika haqqında yeni qanunda bir sıra məsələlər əksini tapacaq”.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.