Gündə 5 fincan qara qəhvə ürək üçün təhlükəsizdir –Alimlər açıqladı

kofe

Gündə bir neçə fincan qara qəhvə içmək əksər sağlam insanlar üçün ürək sağlamlığı baxımından təhlükə yaratmır.

Araşdırmaya görə, sağlam yetkin şəxslər gün ərzində ümumilikdə 400 mq kofeinə bərabər olan, təxminən 240 millilitrlik 5 fincana qədər şəkərsiz qara qəhvə istehlak edə bilərlər. Mütəxəssislər bildirirlər ki, söhbət yalnız şəkər, qaymaq, şərbət və digər yüksək kalorili əlavələrsiz hazırlanmış qara qəhvədən gedir.

Tədqiqat göstərib ki, müntəzəm olaraq şəkərsiz qara qəhvə içən insanlarda 2-ci tip diabet, ürək-damar xəstəlikləri, insult, ürək çatışmazlığı və bəzi ürək ritm pozuntularının yaranma riski daha aşağı ola bilər. Lakin qəhvəyə əlavə olunan şəkər və yağlı qatqılar bu faydalı təsiri azalda bilər.

Kaliforniya Universitetinin professoru Qreqori Markusun sözlərinə görə, kofeinə qarşı həssaslıq hər bir insanda fərqlidir. Yaş, ümumi sağlamlıq vəziyyəti, qəbul edilən dərmanlar, genetik xüsusiyyətlər və maddələr mübadiləsinin sürəti kofeinin orqanizmə təsirini dəyişə bilər. Buna görə də eyni miqdarda qəhvə bir insanda heç bir problem yaratmadığı halda, digərində yuxusuzluq, narahatlıq və ya ürəkdöyünməsinə səbəb ola bilər.

Alimlər xüsusilə enerji içkilərinin təhlükəsinə diqqət çəkirlər. Bildirilir ki, bəzi enerji içkilərində adi dəmlənmiş qəhvədən 3-4 dəfə çox kofein olur və onların müntəzəm istifadəsi ürək-damar sistemi üçün daha ciddi risk yarada bilər.

Tədqiqatçılar gələcəkdə çay, şokolad və qazlı içkilər kimi digər kofein mənbələrinin də insan sağlamlığına təsirini ayrıca araşdırmağı planlaşdırırlar.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.