Gündə saatlarla xəyal qurursunuz?- Bu vərdiş nə vaxt təhlükəli olur

Yaddaş
Yaddaş

Xəyal qurmaq insan beyninin normal fəaliyyətlərindən biridir. Araşdırmalara görə, oyaq vaxtımızın 30-50 faizi həmin anda gördüyümüz işlə əlaqəsi olmayan düşüncələrlə keçə bilər. Xəyal qurmaq yaradıcılığa, emosional tənzimləməyə və empatiyaya kömək edir.

Lakin insan xəyal dünyasından çıxa bilmədikdə vəziyyət dəyişir. Mütəxəssislər bunu “həddindən artıq xəyal qurma” kimi xarakterizə edir. Bəzi insanlar mürəkkəb süjetlər və personajlardan ibarət fantaziyalara o qədər qapılırlar ki, gündəlik həyatları bundan ciddi şəkildə təsirlənir.

Gündə 12 saata qədər xəyal quranlar var

Psixiatr Kolin Rossun BBC-yə açıqlamasına görə, ağır hallarda insanlar gündə 12 saata qədər xəyal qura bilirlər. Belə xəyallar illərlə davam edən süjetlərə çevrilə bilər. Bu vəziyyət yetkin insanların təxminən 2-4 faizində müşahidə olunur.

Problem xüsusilə insanın fantaziyanı idarə edə bilmədiyi və əksinə, fantaziyanın onun həyatını idarə etməyə başladığı zaman yaranır. Xəyal qurmağa sərf olunan uzun saatlar işin, təhsilin və sosial münasibətlərin pozulmasına, insanın təcrid olunmasına səbəb ola bilər.

Niyə insan özünü xəyal dünyasına atır?

Mütəxəssislər bunun arxasında tənhalıq, qarşılanmamış emosional ehtiyaclar və real həyatdan narazılıq kimi amillərin dayana biləcəyini bildirirlər. Xəyal dünyasında insan özünü daha uğurlu, sevilən və güclü hiss edə bilər.

Hazırda həddindən artıq xəyal qurma üçün genişmiqyaslı araşdırmalara əsaslanan standart müalicə üsulu yoxdur. Mütəxəssislər isə xəyal qurmanın nə qədər davam etdiyini izləməyi, bu davranışa səbəb olan amilləri müəyyənləşdirməyi və həmin vaxtı başqa fəaliyyətlərlə əvəz etməyi tövsiyə edirlər.

Əsas meyar xəyal qurmağın özü deyil, onun üzərində nə qədər nəzarətinizin olmasıdır.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.