Bu gün Gürcüstanda bələdiyyə seçkiləri keçirilir.
Səhər saat 8:00-da səsvermə başlayıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkə üzrə 3664 seçki məntəqəsi seçkilərə tam hazırdır. Eyni zamanda, pentensiar müəssisələrdə 9, xəstəxanalarda müalicə olunan və xüsusi təcridxanalarda saxlanılan şəxslərin səsvermədə iştirakını təmin etmək üçün 70 seçki məntəqəsi yaradılıb.
Seçici siyahılarında 3 milyon 497 min 345 seçicinin adı var. Onlardan 39 min 135-i bu il ilk dəfə səs verəcək.
Bu gün Gürcüstan vətəndaşları növbəti 4 il üçün 63 mer və 63 sakrebuloya (yerli məşvərətçi orqan) 2068 deputat seçəcəklər.
Səsvermənin gedişini seçici subyektləri tərəfindən 21 min 483 müşahidəçi, 100 yerli müşahidə missiyası tərəfindən 31 min 310 müşahidəçi, 52 beynəlxalq təşkilat və ölkədə akkreditə olunmuş səfirliklər tərəfindən isə 1024 müşahidəçi izləyəcək.
Səsvermə axşam saat 20:00-da başa çatacaq.