Gürcüstanın sabiq baş naziri Giorgi Qaxaria Tbilisi şəhər meri vəzifəsinə namizəd oldu

02 Sentyabr 2021 - 09:30

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxaria Tbilisi şəhərinin meri vəzifəsinə namizəd olub.

Bu barədə G.Qaxaria özü bu gün məlumat verib.

O, sədri olduğu “Gürcüstan Uğrunda” partiyanın Tbilisi şəhər sakrebuluna və bölgələr üzrə deputatlığa namizədlərinin adlarını açıqlayıb.

Bildirib ki, “Gürcüstan Uğrunda” partiyasının siyasi şurası Tbilisi şəhər meri vəzifəsinə onun namizədliyini irəli sürüb.

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Tbilisi şəhər meri vəzifəsinə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından indiki mer, partiyanın baş katibi Kaxa Kaladzenin, ana müxalifət “Vahid Milli Hərəkat” partiyasından Nika Melianın da namizədlikləri irəli sürülüb.

Məlumat üçün bildirək ki, Giorgi Qaxaria “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının üzvü olub.

O, 2017-ci il noyabrın 13-dən 2019-cu ilin mayınadək Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri, 2019-cu ilin may ayında Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub. 2019-cu il sentyabrın 3-dən 2021-ci il fevralın 18-dək isə Gürcüstanın baş naziri olub.

Fevral ayında vəzifəsindən və partiya üzvlüyündən istefa verdikdən sonra 2021-ci ilin aprel ayında “Gürcüstan Uğrunda” partiyasının təsis edib və sədr seçilib.