Həkim, alim, cərrah –

Professor Əliniyaz Məmmədovun  doğum günüdür
02 May 2020 - 14:04

Azərbaycanın tanınmış  tibb alimlərindən olan, istedadlı cərrah, tibb elmləri doktoru, professor Əliniyaz Məmmədovun bu gün 65 yaşı tamam olur.

1955-ci il mayın 2-də Azərbaycan Respublikası Masallı rayonunun Tatyanoba kəndində ziyalı ailəsində anadan olan Ə.Məmmədov  hələ orta məktəbdə oxuduğu vaxtlardan həkim olacağına qərar verib. Tez-tez xəstələnən anasını müalicə edən həkim işinin insan həyatı üçün necə vacib və müqəddəs bir peşə olduğunu anlayan Əliniyaz məktəbi bitirən kimi sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verir və müalicə-profilaktika fakültəsinə daxil olur.

1978-ci ildə Tibb İnstitutunu bitirən Ə.Məmmədov təyinatla Cəlilabad rayonuna göndərilir.  1979-1985-ci illərdə Cəlilabad mərkəzi xəstəxanasında şöbə müdiri vəzifələrində çalışır.

Daha sonra tibb sahəsində elmi fəaliyyətlə məşğul olmaq qərarını verən Ə.Məmmədov yenidən sevimli təhsil ocağına üz tutur.  1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun  aspiranturaya qəbul olunan Ə.Məmmədov 1989-cu ildə Elmi Şuranın qərarı ilə İnstitutun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə qəbul edilir, sonra həmin kafedranın dosenti vəzifəsinə qədər yüksəlir.

Doktor  daha sonra 1990-1992-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda dekan müavini vəzifəsində çalışıb.

Həkim ömrünün 4 ili isə akademik Mirqasımov adına Respublika Klinik xəstəxanası ilə bağlı olub.  1995-ci ildən 1999-cu ilə kimi Respublika Klinik xəstəxanasında əvvəlcə həkim ordinator, sonrakı illərdə isə şöbə müdiri vəzifəsində çalışıb.

Ə.Məmmədov 1999-cu ilin may ayından isə M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində fəaliyyətə başlayıb. O, 2006-2007-ci illərdə Cərrahiyyə Mərkəzinin baş həkimi, daha sonra mədə bağırsaq cərrahiyyə şöbəsində aparıcı elmi işçi, şöbə müdiri vəzifəsində işləyib.

2012-ci ildən isə qaraciyər, öd yolları və mədəalti vəz cərrahiyyə şöbəsinin rəhbəri vəzifəsinə müsabiqə yolu ilə secilib və hal-hazırda o vəzifədə çalışır.

Öz işinin ustası olan professor mədə və bağırsaqların xoş və bəd xassəli xəstıliklərinin cərrahi müalicəsində cox böyük təcrübəyə malik alimlərdən biridir.Onun bu sahədə yetişdirdiyi cox böyük həkimlər ordusu mövcuddur.

Ə.Məmmədov 2005-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edərək, Rusiya Federasiyasının tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən diplomu qəbul edilib,  Azərbaycan Respublikasının tibb elmləri doktoru elmi dərəcəsi alıb.

2014-ci ildə isə Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.

Əliniyaz Məmmədov 2006-cı ildə Rusiya Lazer Akademiyasının, 2017-ci ildən isə Beynəlxalq Elmlər Akademiyasının akademikidir.  Professor həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə ekspert şurasının üzvüdür.

Əliniyaz Məmmədovun elmi fəaliyyəti zəngindir. Professor  100-dən çox elmi əsərin, 4 monoqrafiyanın, 1 dərslik, 4 dərs vəsaiti və tədris-metodik vəsaitin, 4 ixtira və səmərələşdirici təklifin, 4 metodik tövsiyənin, bir necə elmi-kütləvi məqalələrin müəllifidir. Elmi işlərindən bir çoxu xarici mətbuatda çap olunub.

40 ildən çox praktiki cərrahi fəaliyyətlə məşğul olan Ə.Məmmədov 10 minə yaxın ən müxtəlif xarakterli əməliyyatlar icra edib: “Cərrahiyyədə texniki cəhətlərlə yanaşı psixoloji amillər də mənim üçün olduqca vacibdir. Bıçaqla xəstənin bədəninə girməzdən öncə mən onun qəlbinə girmək, onu duymaq, ona bələd olmaq, onun etibarını qazanmaq üçün daha çox çalışır, bəzən zarafatla, bəzən musiqi ilə onu fəth etmək istəyirəm”-deyə professor müsahibələrinin birində demişdi.

Ömür yolundan bəhs edərkən Əliniyaz həkim deyir ki, nəslində olan insanlar həmişə halal zəhmətlə dolanan, insanlığı, ləyaqəti uca tutan adamların sırasında olublar:  “Ailəm, nəslim mənə necə başucalığı gətiribsə, mən də onların layiqli davamçısı kimi həmin ənənələri davam etdirmək istəmişəm. Allaha şükür ki, xalq qarşısında xəcalət çəkəsi, utanası heç əməlimiz yoxdur. Mən elə həyat yaşamamışam ki, ciddi nöqsanlara yol verim, yaxud onun peşimançılığını çəkim”.

Həyat yolunda özünə dayaq saydığı  ömür-gün yoldaşı Rəna xanımla dörd övlad böyüdüb boya-başa çatdıran Əlniyaz Məmmədov 3 qız, 1 oğul atasıdır. Qızlarından ikisi tibb sahəsini seçib: “Övladlarıma daim qulaqlarında sırğa olacaq bir məsləhət verirəm. Deyirəm ki, çox pul, mənsəb dalınca qaçmayın. Vətəni sevin, millətinizi sevin, ona ləyaqətlə xidmət edin. Belə olanda mənsəbiniz də olacaq, dəyəriniz də”.

Dünyada ən hörmətli və elitar sənət sayılan həkimlik sahəsində öz uğurlu həyat hekayəsini yaza bilmiş Əliniyaz Məmmədov bu gün də böyük şövqlə öz peşəsini davam etdirir.

Görkəmli alimimizi, professor Əliniyaz Məmmədovu 65 illik yubileyi münasibəti ilə təbrik edirik!