“Hələlik “Taliban”ın verdiyi təmkinli mesajları təqdir edirik” –

ƏRDOĞAN
21 Avqust 2021 - 19:45

Türkiyə müvafiq şərtlər daxilində gələcəkdə də Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı üçün vəzifəsini davam etdirə bilər.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Ərdoğan Türkiyənin üzərinə götürdüyü bu məsuliyyətin beynəlxalq ictimaiyyət və Əfqanıstan xalqı başda olmaqla, bütün tərəflərin narahatlıqlarının aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Türkiyə dövlət başçısı hələlik “Taliban” tərəfindən verilən təmkinli mesajları təqdir etdiklərini bildirib. O, “Taliban”ın keçmiş səhvlərini təkrarlamamasının, bütün etnik qruplara qarşı anlayışla davranmasının və vədlərini yerinə yetirməsinin vacib olduğunu da qeyd edib.(APA)