Hərbi xidmətə çağırış yaşının 35 yaşdan aşağı salınması müzakirə olunur –Qanunvericiliyə dəyişikliklər gözlənilir

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin aşağı salınması nəzərdən keçirilir.

Azpost.info bildirir ki, “Azeri Defence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hazırda müvafiq qurumların daxilində nəzərdən keçirilən təkliflərdə həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 35-dən 30 və ya 29-a endirilməsi əksini tapır.

Bununla bağlı bu il qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi gözlənilir.

Hərbi xidmətə çağırış üçün yuxarı yaş həddi 2002-ci ildə 29-dan 35-ə qaldırılıb. Bu addımın atılmasına əsas səbəb 1990-cı illərdə hərbi xidmətdən yayınmış vətəndaşların hərbi xidmət keçməsinə şərait yaratmaq idi.

Hazırda yaş həddinin endirilməsinə əsas səbəb kimi hərbi xidmətdən yayınma hallarının aradan qalxması ilə izah olunur. Aparılan təhlillər zamanı məlum olub ki, son 7-8 ildə vətəndaşlar nəinki hərbi xidmətdən yayınmağa cəhd edir, əksinə öz sağlamlıqları ilə bağlı problemləri müxtəlif yollarla gizlədərək hərbi xidmət keçməyə çalışırlar.

Son 5 ildə isə həqiqi hərbi xidmətə çağırılanlar arasında yaşı 30-u keçmiş vətəndaşlar olmayıb.

Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov “Azeri Defence”yə açıqlamasında həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin azaldılmasının günün tələbi olduğunu deyib.

General hesab edir ki, bu yaş həddinin saxlanılmasına ehtiyac yoxdur. 35 yaş həddi qarşıya qoyulan məqsədləri 2010-cu ilədək yerinə yetirib tamamlamağa imkan verib.

“Həqiqi hərbi xidmət yaşının azaldılmasının ordumuza tərkib və say etibarı ilə təsir edəcəyini düşünmürəm. Onsuz da orduda həqiqi hərbi xidmət edən əsgərlərin demək olar ki, mütləq əksəriyyəti 30 yaşdan azdır. Artıq biz qarşıya qoyulan məqsədə nail olmuşuq”, –  deyə general-leytenant Yaşar Aydəmirov vurğulayıb.

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Azərbaycanda demoqrafik vəziyyət ordunu çağırışçılarla tam komplektləşdirməyə imkan verir: “Biz ilk vaxtlar da bu məsələyə etiraz etmişdik. Bəzən hərbi hissələrdə ata ilə oğulun eyni vaxtda hərbi ximət etməsinin şahidi olurduq. Ötən gün Nazirlər kabinetində şöbə müdiri Bəhruz Məmmədovla görüşümüz zamanı da bu məsələyə də toxunduq. Azərbaycanda olan hərbi hissələrdə çox nadir hallarda 30 yaşdan yuxarı həqiqi hərbi xidmətdə olan əsgərlərə rast gəlinir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

Sonrakı məqalə

Səhiyyə Nazirliyi koronavirusdan qorunma yollarını açıqlayıb