“Vətəndaşlar 15 gün, bir və ya iki ay ərzində normal şəraitə qayıtmağı düşünürlər. Halbuki uzun müddətə həyat tərzini dəyişmək, həmçinin məhdudiyyətləri və virtual aləmin həyatın bir hissəsi olduğunu qəbul etmək lazımdır.”
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib.
H.Ruhani bildirib ki, artıq əvvəllərdə olduğu kimi 10-20 nəfərin bir yerdə əyləşməsi mümkün deyil: “Bunu aylarla unutmaq lazımdır. Toplantılar da sosial məsafə ilə olmalıdır. Hazırkı şərait yoluxmanın olduğu ötən iki aydan daha çətindir. Çünki həmin aylarda yoluxan şəxslərin müşahidə edilən simptomları var idi. İndi isə bəzi yoluxan şəxslərin müşahidə edilən simptomları yoxdur və virus daşıyıcılarının sayı da artmaqdadır”.
İran prezidenti bəzi vilayətlərdə yoluxma sayında azalmaq müşahidə olunsa da, digərlərində vəziyyətin ağır olduğunu qeyd edib.
Qeyd edək ki, bu gündən İranda bəzi məhdudiyyətlər ləğv olunur. Belə ki, məscidlər ibadət üçün açılıb. Bundan əlavə saat 9:00-dan 18:00-dək işləmək icazəsi olan böyük ticarət obyektlərinin saat məhdudiyyəti ləğv edilib.