Həbsdə vəfat etmiş deputatın qardaşı ifadə verdi:"Hacı adamam, faizə görə, onunla danışmırdım"

Milli Məclisin sabiq deputatı, 2021-ci ilin sentyabrında həbsdə vəfat etmiş Rəfael Cəbrayılovun qardaşı Rauf Cəbrayılov yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum qardaşının işi üzrə şahid qismində ifadə verib. 

O bildirib ki, son dörd ildə, ümumiyyətlə, danışmırdılar. Səbəb kimi isə aralarındakı fikir ayrılıqlarını, narazılıqları göstərib.

Mərhum deputat bir sıra şəxslərdən pul alıb qaytarmamaqda suçlansa da, bu cinayət işində həm də onun qardaşlarının adı hallanır. Zərərçəkmişlərin bir qismi “Dərhal” tikinti şirkətindən ev və obyekt almaq üçün pul verdiyini iddia edən şəxslərdir.

Bu şirkət isə Cəbrayılov qardaşlarına məxsus olub.

“Mən uzun illər Moskvada yaşamışam, sonradan bu işlərə qatıldım. Mən və Elşən qardaşım təsisçi idik. Rəfael deputat olduğuna görə rəhbər ola bilməzdi. O, sənədsiz rəhbərlik edirdi. Mən Hacı adamam, faiz söhbətlərinə görə Rəfael ilə mübahisə edirdik, bu işlərin haram olduğunu deyirdim. Son dörd ildə, ümumiyyətlə, danışmadıq. Mübahisələrə yeganə səbəb də onun daima faiz ödəməsi olub”, – deyə Rauf Cəbrayılov ifadəsində bildirib.

Qardaşı iddia edirbki, tikinti şirkətinin işlərini sabiq deputat aparırdı. Şahidin sözlərinə görə, gəlirin 70 faizi Rəfael Cəbrayılova, qalan 30 faizi isə Elşən qardaşıyla onun özünə çatırdı.

Zərərçəkmişlərdən birinin vəkili Kamandar Nəsibov da, elə hakim də şahidin doğru danışmadığını, günahları mərhum qardaşının üstünə yıxmağa çalışdığını onun nəzərinə çatdırıb: “Rəfael Cəbrayılov artıq sağ olmadığı üçün bütün işləri onun üstünə atırsınız…”.

Zərərçəkmişlərdən 60 min dollar pul verdiyini iddia edən Bəşir Məmmədov isə məhkəməyə vəsatət göndərib ki, iş istintaqa qaytarılsın. O, vəsatətində vurğulayıb ki, “Dərhal” MMC-dən mənzil almaq üçün pulu sabiq deputatın qardaşı Elşən Cəbrayılova verib. Lakin Elşən Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunmayıb, öz iş-gücündədir. Amma məhkəmə bu vəsatəti təmin etməyib.

Mərhum deputatın həyat yoldaşı da daha çox qaynı Elşən Cəbrayılovu ittiham edir, həyat yoldaşının müflisləşməsi, həbsi və ölümünə görə onu qınayır. Aidə Cəbrayılovanın sözlərinə görə, ərinin cinayət işində zərərçəkmiş qismində tanınan adamların pulunu alıb aldadan əslində Elşən Cəbrayılov olub. O, məhkəmədə vəsatət qaldırıb ki, cinayət işi istintaqa qaytarılsın, qaynı Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində prosesə cəlb edilsin. Lakin vəsatət təmin olunmayıb.

Elşən Cəbrayılov isə məhkəmədə dindirilərkən ittihamları rədd edib. O bildirib ki, məsələn, Bəşir Məmmədov əslində mənzil almaq üçün pul verməyib. Adıçəkilən şəxs mərhum qardaşına sələmlə pul verib. O pulu verməsi üçün də müqavilə imzalanıb, girov qoyulub: “Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Ondan sonra o müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı o adamın üzünü də görməmişəm”.

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu.

Məhkəmədə ittihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını demişdi: “Özümü qətiyyən təqsirli bilmirəm…”.

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov, lombard sahibi Məlahət Qurbanova və digərləri var. 11 nəfərin ümumilikdə 2 milyon 571 min manatının ələ keçirildiyi iddia olunur.

Cəbrayılov sentyabrın 30-da koronavirusdan müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.

Qanuna görə, haqqında qanuni qüvvəyə minməmiş şəxs həbsdə öləndə cinayət işi üzrə yaxın qohumlarından biri hüquqi varis kimi tanınır. Ölmüş şəxs özünü təqsirli bilməyibsə, yaxud hüquqi varis onun təqsirsizliyində israrlıdırsa, məhkəmə araşdırmaları davam edir. Sonda onun haqqında ya ittiham, ya da bəraət hökmü çıxarılır. Şəxs təqsirli bilinsə, ona cəza təyin olunur, lakin ölümü ilə əlaqədar cinayət işinə xitam verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sosial şəbəkədə görüntülərə görə töhmət verilən müəllim danışdı –

Sonrakı məqalə

Rusiyalı alim Almaniyada casusluq ittihamı ilə həbs olunub