Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qazaxıstanın II-ci dərəcəli “Dostık” ordeni ilə təltif olunub.
Bu barədə Qazaxıstanın ölkəmizdəki səfirliyindən bildirilib.
Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Hikmət Hacıyevi II-ci dərəcəli “Dostık” (Dostluq) ordeni ilə təltif edib.
Ali mükafatı Hikmət Hacıyevə Qazaxıstan Prezidenti adından və tapşırığına əsasən, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təqdim edib.
Diplomat bildirib ki, Hikmət Hacıyev Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq əlaqələrinin inkişafına, iki ölkə arasında strateji və müttəfiqlik münasibətlərin möhkəmlənməsinə verdiyi töhfələrə görə ordenlə mükafatlandırılıb.
Öz növbəsində, Hikmət Hacıyev onun fəaliyyətinə verilən yüksək qiymətə görə Qazaxıstan rəhbərliyinə təşəkkürünü bildirib və hərtərəfli strateji əməkdaşlığın inkişafına əlindən gələn töhfələri verməyə davam edəcəyini vurğulayıb.
Görüş zamanı tərəflər bir daha ikitərəfli qarşılıqlı əməkdaşlıq və regional gündəliyin aktual məsələləri ilə bağlı müzakirələr aparıblar.
Gələn ay Astanada baş tutacaq Türk Dövlətləri Təşkilatının (TDT) və Bakıda keçiriləcək SPECA-nın Zirvə Görüşlərinin vacibliyi qeyd olunub.
Qazaxıstan Respublikasının “Dostık” ordeni ilə cəmiyyətdə barışın qorunmasında səmərəli fəaliyyət göstərən, xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində töhfə verən şəxslər təltif olunur.
Belə ki, I-ci dərəcəli “Dostık” ordeni keçən il Qazaxıstan Prezidenti tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Qazaxıstan Respublikasının ali mükafatı – “Altın Kıran” (Qızıl Qartal) ordeni ilə təltif olunub.