Hökumət dövlət büdcəsinə yenidən baxmağa hazırlaşır

Hökumət 2022-ci ilin dövlət büdcəsinə yenidən baxmağa hazırlaşır. Bu, büdcə gəlirlərinin nəzərdə tutulandan çox olması ilə əsaslandırılır.

2022-ci ilin dövlət büdcəsində 26 milyard 816 milyon manat gəlir, 29 milyard 879 milyon manat xərc rəsmiləşib. Rəsmi hesabata görə, yanvar-aprel aylarında dövlət büdcəsinin gəliri 10 milyard 687,6 milyon manat, xərci 8 milyard 168,7 milyon manat olub, 2 milyard 518,9 milyon manat artıqlıq yaranıb.

Qanuna görə, Dövlət Neft Fondundan büdcəyə 12,7 milyard manat köçürmə, Dövlət Vergi Xidmətindən 8,8 milyard manat, Dövlət Gömrük Komitəsindən 4,2 milyard manat daxilolma nəzərdə tutulub, büdcədənkənar gəlirlər 760 milyon manat, digər daxilolmalar 260 milyon manat proqnozlaşdırılıb.

Dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48 dollarla başlayıb.

Büdcənin yenilənməsi qərarı baş nazirin sədrlik etdiyi İqtisadi Şuranın 4 iyun iclasında qəbul olunub. Bu quruma prezidentin iki köməkçisi (Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri), birinci vitse-prezidentin iki köməkçisi, iqtisadiyyat naziri, maliyyə naziri, əmək və əhalinin sosial müdafiəsi naziri, Mərkəzi Bankın sədri, Dövlət Neft Fondunun icraçı direktoru daxildir.

Əvvəlki məqalə

Van Dammın azərbaycanlı gəlininin Bakıda xına mərasimi olub

Sonrakı məqalə

Muharibə Putinin komandasını niyə dağıtmadı? –