Honkonqda etiraz hərəkatı qalib gəldi –

hökumət ekstradisiya haqqında qanunu geri götürdü
04 Sentyabr 2019 - 16:33

Çinin Honkonq xüsusi inzibati bölgəsi icraçı hökumətinin rəhbəri Kari Lam ekstradisiya haqqında qanuna təklif olunan düzəlişin geri götürüldüyünü elan edib.

Azpost.info Azərtac-a istinadən xəbər verir ki, qərar hökumət rəhbərinin icraçı şuranın üzvləri və Ümumçin Xalq Nümayəndələri Yığıncağında Honkonqdan olan nümayəndələr ilə görüşündən sonra verilib.

Ekstradisiya haqqında qanuna təklif olunan düzəliş Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tuturdu. Həmin qanun layihəsinə etiraz olaraq 3 aydır Honkonqda aksiyalar keçirilir. Aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis baş verən iğtişaşlarla əlaqədar olaraq iyun ayından bəri 1183 nəfəri şübhəli şəxs qismində saxlayıb. İğtişaşların başladığı iyunun əvvəlindən bəri isə təxminən 200 polis əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti alıb.